Birinci ledi Mehriban Əliyeva - bizim Sara Xatunumuz
1 Sentyabr 2023 09:27 SiyasətZüleyxa NADİR
Bu yazını mənə bir telekadr yazdırdı. Çox təsirli bir mənzərə idi. Azərbaycan Prezidenti İlham Əliyevlə xanımı Mehriban Əliyevanın işğaldan azad olunan ərazilərimizə səfərlərinin birində onlara təndirdən yeni çıxmış çörək təqdim olundu. Hər ikisi çörəyin dadına baxandan sonra Mehriban xanım incə bir həssaslıqla çörəyin üstünü örtdü. Əsl xanım! Əsl Azərbaycan xanımı!
Keçdiyi mənalı ömür yolu, yüksək humanizmi, xeyirxahlığı və nəcibliyi, bənzərsiz ictimai fəaliyyəti ilə nəinki Azərbaycanda, eləcə də dünyada yüksək ehtiram sahibi olan ölkəmizin birinci ledisi, Birinci vitse-prezidenti Mehriban Əliyeva tariximizin şanlı salnaməsinə öz dəst-xətti ilə daxil olan şəxsiyyətlərdəndir. Xeyirxah əməlləri ilə xalqın sevimlisinə çevrilən birinci ledi Azərbaycan qadınına xas olan ən gözəl xüsusiyyətləri özündə cəmləşdirərək, nəciblik və zəriflik missiyasını şərəflə yerinə yetirir. Bu şərəf Mehriban xanımın Azərbaycan adına bəxş etdiyi sərvətdir, dəyərdir.
Əslində Azərbaycan qadınının istər birinci ledi olsun, istərsə də adi ev xanımı, fərq etmir, damarları ilə axan qadınlıq qüruru, xanımlıq şərəfi, analıq ləyaqəti onun ən üstün keyfiyyətidir. Allah bu üstünlüyü hər millətə bəxş etmir. Nə xoş ki, Tanrı qiyməti milyonlarla, milyardlarla ölçüməyəcək qədər dəyərli olan həmin sərvəti məhz Azərbaycan qadınlarına bəxş edib. Bu bir həqiqətdir ki, Azərbaycan qadınları tarix boyu müdrik, uzaqgörən, Vətənə, torpağa və ailəsinə sədaqətli olmuş , hər zamanın özünəməxsus sınaqlarından alnıaçıq, üzüağ çıxmağı bacarmış, çətin məqamlarda doğru yolu seçmişlər. Bunun bariz nümunəsini e.ə. VI əsrdə yaşayan Əhəməni hökmdarı Kirə qan uddurmuş Tomrisin timsalında, öz ağlı və dərrakəsi ilə İsgəndəri düşünməyə vadar etmiş Bərdə hökmdarı Nüşabənin simasında görürük. Sultan Toğrulun qızı, Atabəylər dövlətinin sonuncu hökmdarı Müzəffərəddin Özbəyin həyat yoldaşı Mehrican xatun şəxsi nüfuzu hesabına Xoy, Səlmas və Urmiyanı öz idarəçiliyində saxlaya bilmişdi. 1225-ci ildə Təbrizli Şəmsəddinlə birlikdə Təbriz, Xoy, Naxçıvan şəhərlərinin işğalçılardan azad olunmasında böyük hünər göstərmişdir.
Adı Azərbaycanın və Şərqin dövlətçilik tarixinə ilk xanım diplomat kimi daxil olan Ağqoyunlu hökmdarı Uzun Həsənin anası Sara Xatun isə ilk birinci ledi statusunda olub. Tarix onu bizə böyük ağıl və mətanət, müdriklik və cəsarət sahibi, istedadlı diplomat kimi tanıdıb. Xarici ölkələrlə aparılan danışıqlarda o zaman bütün Şərqdə yeganə qadın diplomat olan Sara Xatun mühüm rol oynayırdı. Sara Xatun mahir bir diplomat kimi öz ölkəsindən çox-çox uzaqlarda da tanınmışdı. O, həm də böyük hərbi sərkərdəlik bacarığına və hərbi intiusiyaya malik qadın idi. Onun uzaqgörən ağlı və çevikliyi dar məqamlarda tez qərar çıxarmaqda əlindən tuturdu. Bir ana olaraq da adı tarix səhifələrinə qızıl hərflərlə yazılıb .
Bu günkü Sara Xatunumuz bizim birinci ledimiz Mehriban xanım Əliyevadır. Tanrı Azərbaycan xalqına 500 il sonra Mehriban xanımın timsalında yeni Sara Xatunu bəxş edib. Hər iki xanım bu millətin baş tacı, şərəf ölçüsüdür. Hər iki qadın bu xalqın bəşəri duyğularla yüklənmiş əsilzadə, kübar, incə ruhlu xanımlarıdır. Hər iki qadın zərafəti, nəcibliyi qan yaddaşında daşıyan ucalıq rəmzidirlər. Hər iki qadının taleyində Tomris hünəri, Nüşabə uzaqgörənliyi, Mehrican nüfuzu cəmləşib.
Mehriban xanım tariximizdə dövlət və siyasət xadimi kimi iz qoyan həmin xanımlarımızın qədim ənənəsini bu gün böyük bacarıq və qabiliyyətlə, həm də yüksək səviyyədə davam etdirən xanım liderdir, birinci ledidir. Amma onu bu xanımlardan fərqləndirən daha bir üstünlüyü var: Mehriban xanımın fəaliyyəti çoxşaxəlidir. Hər bir işi sevgi ilə görür, hər kəsə qayğı ilə yanaşır və bu sevgini, bu qayğını çox səxavətlə insanlara ötürür.
Məlumdur ki, birinci ledilər ölkəsinin ictimai- siyasi və sosial həyatında fəal iştirak etməklə yanaşı dövlətlərarası dostluq, humanitar və mədəni əməkdaşlığı möhkəmləndirən siyasi xadimlərdir. Onlar, həm də beynəlxalq sülhü, qadın və uşaq hüquqlarını, ümumbəşəri dəyərlərin qorunmasını müdafiə edən şəxslərdir. Mehriban Əliyeva məhz bu parametrləri şəxsi taleyində və fəaliyyətində daşıyan xanımdır. Onun vətəni, xalqı üçün etdiklərini sadalamağa gərək görmürəm. Bir kitablıq faktı bir yazıya necə sığışdırmaq olar? Zatən son 20 ildə ölkənin birinci ledisi olaraq gördüyü işlər əsas verir ki, hər bir azərbaycanlının yaddaşında, qəlbində bu gözəl xanımın obrazı yaradılsın. Azərbaycan qadınının əsrlərin o tayından boylanan xanım-xatınlığı, Şərq qadınlarına xas əsilzadəliyi, kübarlığı Mehriban xanımın simasından, baxışlarından, xoş təbəssümündən boy göstərir. Azərbaycanın birinci ledisi olaraq onun adı dünyada ən gözəl hesab olunan birinci xanımların siyahısında öncül yerdədir.
Onun özünəməxsus gözəlliyi, zərifliyi, səmimiyyəti var. Ulu Öndərin sağlığında televiziya ekranlarından, fotoobyektivlərdən qaçmağa çalışır, arxa planda görünməyə cəhd edirdi. Bu, onun ədəb-ərkanından, mədəniyyətindən, genetikasından gələn bir əxlaq nümunəsi idi. Amma özünün sirli təbəssümü, utancaq siması, gülər gözləri ilə yaddaşlara hopurdu, insanların maraq dairəsinə düşürdü. Bu ondan irəli gəlirdi ki, Mehriban xanım tarixi köklər üzərində pərvəriş tapmış bir nəslin, bir gözəl ailənin yetirməsidir. Görkəmli şərqşünas, Azərbaycanda ərəbşünaslıq üzrə ilk qadın filologiya elmləri doktoru, professor Aida İmanquliyevadan tərbiyə almış, babaları Mir Cəlal Paşayev və Nəsir İmanquliyevdən həyat dərsi öyrənmiş, atası akademik Arif Paşayevdən elmin sirlərini əxz etmişdi. O, Ulu Öndərin gəlini idi, gələcəyin böyük sərkərdəsi, "dəmir yumruqlu" Ali Baş Komandanı, Azərbaycana Zəfər sevincini yaşadan Prezidenti İlham Əliyevin əlindən tuturdu. Zəriflik nümunəsi olan, Azərbaycan qadınına xas ideal keyfiyyətləri, ziyalılığı, insanlara sevgisi ilə böyük nüfuz qazanmış aklademik Zərifə Əliyevanın ocağından hərarət alaraq ondan da həyat dərsi alırdı. Ötən əsrin 80-ci illərində Ulu Öndərin şəxsi mühafizəsinin rəisi olmuş Aleksandr İvanovun söylədiyi bu fikirlər dediklərimi təsdiq edir: " Çox sonralar mən Zərifə xanımın bir çox məziyyətlərini Mehriban xanımın timsalında gördüm. Düz deyiblər ki, gəlin ocağa çəkər". Deməli birinci ledi hər iki ocaqda gördüklərini, öyrəndiklərini qəlbinin yaddaşına köçürüb...
"Hər bir uğur qazanmış kişinin arxasında bir qadın dayanır" fikrini dünyanın hər yerində təsdiq edirlər. Lakin bu fikir yarımçıqdı, çünki hər bir uğuq qazanmış qadının arxasında da ona hərtərəfli dəstək olan kişi, bütövlükdə ailə, mənəvi dəyərlər, milli varlığa bağlıılıq dayanır. Həmin qadınlar özünəinamlı, güclü, eyni zamanda öz ocağının qoruyucusu olur, hər zaman ailə dəyərlərinin mizan-tərəzisini diqqətdə saxlayırlar. Və ən maraqlısı odur ki, bunlar onun ictimai xadim olmağına, cəmiyyətdə yüksək mövqe tutmağına mane olmur. Əksinə hər iki missiya bir-birini tamamlayır - İlham və Mehriban Əliyevlərin ailəsində olduğu kimi. Azərbaycanın birinci ledisi həmin qoruyuculuq missiyasının daşıyıcısı olmaqla yanaşı, həm də Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyəti Fondunun prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, ICESCO-nun xoşməramlı səfiridir. Mehriban xanım Əliyevanın tarixi abidələrin, müqəddəs dini məkanların bərpası, abadlaşdırılması üzrə həyata keçirdiyi layihələr, başqa-başqa ölkələrdə inşa etdirdiyi məktəblər, ehtiyacı olan icmalara uzatdığı kömək əli, ICESCO-nun sülhməramlı səfiri qismində yerinə yetirdiyi missiya xarici ölkələrdə yaşayan insanlarda Azərbaycan qadınının şəxsiyyətinə böyük rəğbət yaradır.
Onun cəmiyyəytdə tutduğu mövqe, ictimai-siyasi hadisələrə münasibəti, aldığı qərarlar, verdiyi tövsiyə və məsləhətlər İlham Əliyevin fəaliyyəti ilə həmahəngdir. Dünyada yayılmış bir aforizmi Prezidentin ən sadiq məsləkdaşı olan Mehriban Əliyevanın ünvanına çəkinmədən söyləmək olar: birinci xanım prezident üçün ən yaxşı partiyadır. Məhz buna görə də Prezident Birinci vitse-prezidentlik kürsüsünə öz məsləkdaşını layiq gördü. 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın Zəfər müjdəsini ilk olaraq sosial şəbəkə hesablarında paylaşması, Prezidentlə birlikdə hospitallarda müalicə olunan hərbçiləri ziyarət etməsi, şəhid analarının yanında olarkən göz yaşlarını gizlətməyə çalışması, qələbədən sonra dəfələrlə işğaldan azad olunmuş rayonlara səfəri xanım Əliyevanın həm vətənpərvər, cəsarətli, güclü, eyni zamanda mərhəmətli və şəfqətli olmasını göstərir, həm də bu təyinatın çox doğru olduğunu sübut edir. Bir dəfə İlham Əliyev birinci ledinin Birinci vitse-prezident kimi fəaliyyəti haqqında xarici jurnalistin veridiyi sualı belə cavablandırdı: "Onun azərbaycanlılar arasında güclü dəstəyi var. Siz küçədə istənilən şəxsdən soruşa və vətəndaşların onu necə sevdiyini və dəstəklədiyini görə bilərsiniz. O, tamamilə sosial və humanitar məsələlərlə məşğuldur və on minlərlə insana yardım edir. Lakin o, bunu hər hansı bir piarsız, reklamsız və elansız edir. Beləliklə, o, xalqımızın qürur duyduğu bir şəxsdir".
Bu bir tarixi həqiqətdir ki,vətəni, xalqı üçün çalışan, təmənnasız xeyirxahlığı və humanistliyi həyat amalına çevirən şəxslərin ideyaları, xoş əməlləri gələcək nəsillər üçün nümunəyə çevrilir. Özlərindən sonra qoyub getdikləri iz nəsillər dəyişdikcə hər dəfə yenilənir. Çünki həmin iz böyükdür, genişdir, silinməzdir. Xanım Mehriban Əliyeva - bizim Sara Xatunumuz da məhz belə iz sahibi olaraq birinci ledi, Birinci vitse-prezident kimi nəsillərin yaddaşına hopacaq, unudulmayacaq.
.