Azərbaycanın humanistliyinə qarşı ermənilərin qeyri - adekvat davranışı - ÖZƏL
30 Avqust 2023 09:00 SiyasətAzərbaycanın humanistliyinə qarşı ermənilərin qeyri-adekvat davranışı bir daha onu sübuta yetirdi ki, Qarabağ erməniləri Avropadakı ermənipərəst dairələrin iddia etdiyi kimi heç də acından ölmürlər. Aclıqdan əziyyət çəkən olsaydılar, o halda Azərbaycan tərəfinin Ağdam-Xankəndi yolu ilə Qarabağ erməniləri üçün göndərdiyi humanitar yardımı qəbul edərdilər. Bunun əksi isə onu göstərir ki, ermənilər aclıqdan deyil, düşüncəsizlik, insani münasibətlərin yoxluğundan əziyyət çəkirlər".
Bu fikirləri "OLAYLAR"-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. O bildirib ki, Azərbaycanın bu humanist davranışı Qarabağ ermənilərinin blokadaya alındığını iddia edənlərə də tərs sillədir:
"Hansı ki, başda Fransa olmaqla Avropadakı, Qərbdəki bəzi ermənipərəst dövlətlər, siyasi təsisatlar Qarabağ ermənilərinin blokadaya alındığını iddia edirlər. Əslində isə onları ermənilərin taleyi deyil, regionda yeni qarşıdurma yaratmaq maraqlandırır. Əgər onlar doğurdan da "ac və yalavac" qalan erməniləri düşünürlərsə, o halda Azərbaycanın ermənilər üçün göndərdiyi humanitar yardımın mənzil başına çatmasına şərait yaratsınlar".