Ballıqaya qətliamdan 31 il ötür
28 Avqust 2023 15:24 SiyasətErməni terrorçu-quldur birləşmələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş Ballıqaya qətliamdan 31 il ötür. Olaylar"ın məlumatına görə, millət vəkili Sadiq Qurbanov bildirib ki, tarixdə Ballıqaya qətliamı kimi yad edilən faciə 1992-ci ilin avqustun 28-də, səhər saat 5 radələrində Goranboy rayonunun Ballıqaya kəndində baş verib: "Qətliam nəticəsində aralarında 6 uşaq, o cümlədən 6 aylıq körpə və 93 yaşlı ahıl qadın da olmaqla, 24 nəfər azərbaycanlı mülki şəxs amansızlıqla qətlə yetirilib. Əksəriyyəti uşaqlar, qadınlar və qocalar olan qətlə yetirilmiş şəxslərin bəzilərinin meyitləri yandırılıb. Qətliam nəticəsində 3 azyaşlı uşaq hər iki valideynini itirib.
Ermənilərin azərbaycanlılara qarşı törətdiyi bütün qətliamların qisası 2020-ci ilin sentyabrın 27-dən başlayaraq qətiyyətli Ali Baş Komandanın ətrafında sıx birləşən Azərbaycan xalqının birliyi və Azərbaycan ordusunun şücaəti sayəsində düşməni döyüş meydanında məhv edərək qələbə qazanmaqla alınıb. Azərbaycan xalqı ermənilərin törətdiyi kütləvi qətliamları heç bir zaman unutmayıb və unutmayacaq. Ali Baş Komandan İlham Əliyev dəfələrlə çıxışlarında Azərbaycan xalqına qarşı yönəlmiş bu qırğınların heç birinin unudulmayacağını və buna görə Ermənistanın hüquqi müstəvidə də cavab verməyə məhkum ediləcəyini bildirib".