"Azərbaycan-Özbəkistan münasibətləri dinamik xarakter daşıyır"- ÖZƏL

"Azərbaycan-Özbəkistan  münasibətləri bütün türk dünyasında nümunə sayıla biləcək münasibətlərdəndir. Bu gün Azərbaycan və Özbəkistan münasibətlərini türk dünyasında Azərbaycan və Türkiyədən sonra nümunəvi sırada ikinci hesab etmək olar. Azərbaycan hər bir türk dövləti ilə əlaqələr qurmağa çalışır. Türkiyə və Özbəkistanla isə əlaqələrimiz möhkəm əsaslara söykənir. Dövlət başçılarımızın yüksək şəxsi münasibətləri mövcuddur. Bu münasibətlər eyni zamanda tarixi köklərə malikdir. Dövlətlərarası münasibətimiz artıq bir neçə sınaqdan çıxıb".

Bu sözləri Olaylar-a "Bakı-Xəbər" qəzetinin baş redaktoru  Aydın Quliyev deyib:

"Vətən müharibəsi zamanı Özbəkistanın Azərbaycana diplomatik dəstəyini təmənnasız şəkildə gördük. Özbəkistan Türkiyə nümunəsini davam etdirərək, indiyə qədər Ermənistanla heç bir diplomatik əlaqə qurmayıb. Azərbaycan-Özbəkistan dövlətləri arasında münasibətlərin yüksək səviyyədə olmasının digər göstəricisi iki ölkənin təhlükəsizlik şurası arasında imzalanan sazişdir. Hər iki ölkə xaricdən və daxildən gələn təhlükələri eyni hesab edirlər. Ali Şuranın yaradılması onu göstərdi ki, iki ölkə arasında münasibətlər tək-tək sahələri əhatə etmir. 
İki ölkə arasında münasibətlər sadəcə ticari, turizm və.s sahələr üzərində qurulsaydı, belə mötəbər bir qurumun yaranmasına ehtiyac olmazdı. Bu cür əməkdaşlıqlar elə ölkələr arasında yaradılır ki, münasibətləri çoxşaxəli olsun. Qlobal əməkdaşlıq və təhlükəsizlik məsələlərində elə bir mövzudan danışmaq mümkün deyil ki, Azərbaycanla Özbəkistanın mövqeləri üst-üstə düşməsin. Bütün bunlar dövlətlərarası münasibətlərin möhkəm fundamentə söykəndiyini, dinamik xarakter daşıdığını, gələcəkdə böyük inkişaf mərhələlərinə çıxacağını göstərir. Xarici ticarət sahəsində əməkdaşlığımız genişləndirilməlidir. Bir-birinə bu qədər yaxın iki dövlətin xarici ticarət dövriyyəsi cəmi 50-60 milyon dollardır. İki ölkə arasında investisiya əlaqələrinin artırılmasına böyük ehtiyac var. Bununla da bağlı saziş imzalandı. Özbəkistan Azərbaycanın işğaldan azad edilən ərazilərinin bərpasında əməli şəkildə iştirak edir. Bu istiqamətdə böyük pəncərə açılıb. Türkiyənin dövlət başçısından sonra Özbəkistanın dövlət başçısının Şuşaya ziyarəti tarixi hadisədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31