Müzəffər Ali Baş Komandan Azərbaycanın yeni tarixini qızıl hərflərlə yazdı

İstiqamət: Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük "Vətən Müharibəsi"ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər

Azərbaycan Respublikasının Ermənistan tərəfindən cəlb olunduğu və cəmi 44 gün davam edən Vətən müharibəsi qələbə ilə başa çatdı. Azərbaycan Ordusu şanlı Qələbə qazanaraq 30 il davam edən işğala son qoydu, ərazi bütövlüyünü bərpa etdi. Son 300 ildə (1722-ci ildə Səfəvilərin işğal olunmuş torpaqları geri qaytarması) ilk dəfə idi ki, Azərbaycanın işğal altında qalan əraziləri igid sərkərdəmizin - dövlətimizin başçısının rəhbərliyi ilə geri qaytarıldı. Bu qələbə ilə Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın yeni tarixinə qızıl hərflərlə yazılacaq sətirlərin müəllifi oldu və öz adını da tarixə əbədi yazdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə hələ 2016-cı ilin aprelində cəbhə xəttində rəşadətli Azərbaycan Ordusunun əks-hücumu və düşmənə vurduğu ağır zərbələr nəticəsində erməni silahlı birləşmələri ciddi itki verərək geri çəkilmişdilər. İgid əsgərlərimiz bir neçə strateji yüksəkliyi və yaşayış məntəqəsini ələ keçirmiş və üçrəngli bayrağımızı düşməndən azad edilmiş həmin ərazilərimizdə dalğalandırmışdılar. İşğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində insanlar məskunlaşmışlar. Dövlətimizin hərtərəfli qayğısı və dəstəyi sayəsində burada soydaşlarımız üçün hər cür şəraiti olan evlər tikilmiş, insanlarımız bütün zəruri vasitələrlə təmin edilmişlər. Bütün bunlar digər sahələrdə olduğu kimi, hərbi sahədə də ölkə rəhbərliyi tərəfindən uğurlu siyasət aparıldığını bir daha sübut edir.

Millət vəkili Ceyhun Məmmədov qeyd edib ki, Heydər Əliyevdən sonra onun layiqli davamçısı Prezident İlham Əliyev hakimiyyətə gələrək Ulu Öndərin siyasətini uğurla davam etdirdi. Onun rəhbərliyi ilə müdafiə sənayesi inkişaf etdirildi, bu sahənin təkmilləşməsi üçün daha çox büdcə ayrıldı, Silahlı Qüvvələrimizin maddi-texniki təchizatı yaxşılaşdırıldı, hərbi qulluqçuların sosial təminatı diqqətdə saxlanıldı, xaricdən çoxsaylı hərbi texnikalar, avadanlıqlar, pilotsuz uçuş aparatları alındı, yerli hərbi zavodlar inkişaf etməyə başladı: "Cari ilin 23 iyun tarixində Prezident İlham Əliyev, Silahlı Qüvvələrin Ali Baş Komandanı Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağını təqdim edib. Komando Qüvvələrinin yaradılması Ordunun döyüş qabiliyyətinin artırılması üçün önəmli amillərdən biridir.  Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti - bu qurumların xüsusi təyinatlı qüvvələrinin sayı İkinci Qarabağ Müharibəsindən sonra dəfələrlə artırılıb. Görülən bütün bu işlərin sonundakı hədəf Azərbaycan Silahlı Qüvvələrinin müasirləşməsi, hərbi texnikalarımızın müasir standartlara cavab verə bilməsi idi. Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində biz bu hədəflərə nail olduq. İnkişaf etmiş ordumuzun gücü, Ali Baş Komandanın uğurlu siyasəti və Azərbaycan xalqının birliyi ilə 44 günlük Vətən müharibəsində Zəfər qazandıq. Bu gün müasir Azərbaycan ordu quruculuğunun bütün sahələrində inkişaf edib. Hava hücumundan müdafiə qüvvələrinə görə Azərbaycan regionda aparıcı ölkələrdən biridir. II Qarabağ müharibəsində qazanılan qələbədən sonra artıq Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə ordumuzda yeni təyinatlı Komando hərbi hissəsi yaradılıb, yeni hərbi texnika və avadanlıqların alınması üçün xarici dövlətlərlə əməkdaşlıqlar edilib, Türkiyə ilə eyni standartlarda hərbi təhsilin tətbiq edilməsi üçün Milli Müdafiə Universiteti yaradılıb".

Millət vəkili Pərvin Kərimzadə qeyd edib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir, səmərəli nəticələr əldə olunur. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz 2020-ci il 27 sentyabrda əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində Qələbə qazanaraq tarixi nailiyyətə imza atdı. Döyüşlərdə bir addım da geri çəkilməyən Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq, 44 gün ərzində - noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi. Düşmənin tam məğlubiyyəti ilə nəticələnən bu müharibə noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalamaları ilə başa çatdı. Bəyanata uyğun olaraq, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları Azərbaycana təhvil verildi. Düşmənin kapitulyasiyası ordumuzun gücü hesabına əldə olunmuş nəticədir. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbənin şahidi oldu".

Millət vəkili Siyavuş Novruzovun sözlərinə görə, Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsində qələbəni təmin etdi. Silahlı Qüvvələrin Ali Baş Komandanı Müdafiə Nazirliyinin hərbi hissələrinin birində çıxışı zamanı çox mühüm məqamlara toxundu. İstər ordu quruculuğu sahəsində görülən işlər və qarşıda duran vəzifələrdən, istərsə də postmüharibə dövründə strateji prioritetlərdən geniş bəhs edərək önəmli mesajlar verdi: "Cənab Prezident qeyd etdi ki, "Biz öz döyüş qabiliyyətimizi əhəmiyyətli dərəcədə artırırıq və artıracağıq". Bəli, 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbədən sonra ordu quruculuğu prosesi yeni mərhələyə qədəm qoyub. Müdafiə Nazirliyinin strukturunun təkmilləşdirilməsi, Komando Qüvvələrinin yaradılması, digər xüsusi təyinatlı qüvvələrdə şəxsi heyətin say tərkibinin genişləndirilməsi, yeni silahların alınması və bu istiqamətdə bir çox kontraktların imzalanması Azərbaycan Ordusunun peşəkarlığının və qüdrətinin artmasını şərtləndirir. Dövlət başçısının vurğuladığı kimi, "bu gün Azərbaycan Ordusu müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş Azərbaycan Ordusundan daha da güclüdür". Güclü ordu isə təhlükəsizliyin təmin olunması, ərazi bütövlüyünün qorunması və beynəlxalq münasibətlərdə ölkənin mövqeyinin möhkəmləndirilməsi baxımından strateji əhəmiyyətə malikdir. Prezident İlham Əliyev ordu quruculuğu ilə yanaşı, Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsinin prioritet olduğunu diqqətə çatdırdı. Əlbəttə, bu gün işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin aparılması, yeni infrastrukturun yaradılması həm tarixi Qələbəmizin möhkəmləndirilməsi, həm də ölkəmizin sosial-iqtisadi inkişafı baxımından böyük önəm daşıyır. Bu, sosial, iqtisadi, siyasi və strateji əhəmiyyətə malik olmaqla yanaşı, Böyük Qayıdışın ən yüksək səviyyədə təmin olunmasına vacib töhfədir". Dövlət başçısının diqqət yetirdiyi digər mühüm məsələ Azərbaycanın bütün təxribatların qarşısını almaq əzmində və iqtidarında olmasıdır. Müzəffər Ali Baş Komandan qeyd etdi ki, "bizə qarşı edilən istənilən təxribat cavabsız qalmır, hər bir təxribata layiqli cavab verilir, istər hərbi cavab, istər siyasi cavab". Bəli, Azərbaycan həm təxribatların qarşısını almaqla, həm də qətiyyətli mövqe sərgiləməklə bəyan edir ki, üçtərəfli Bəyanatın bütün tələbləri zamanında, tam və qeyd-şərtsiz yerinə yetirilməlidir. Bir daha sübuta yetirilir ki, Vətən müharibəsində şanlı Qələbə qazanmış Azərbaycan yeni reallıqlar yaradıb və istər məğlub Ermənistan, istərsə də onun havadarları bu reallıqları dəyişmək iqtidarında deyil. Prezident İlham Əliyevin uzaqgörən siyasəti uzunmüddətli hədəflərin reallaşmasını təmin edir".

Alim Hüseynli

Yazı Azərbaycan Respublikasının Medianın   İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31