Türk Dövlətləri Təşkilatının bölgəyə inteqrasiyası güclənməkdədir

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin ölkəmizə dövlət səfəri xalqlarımızın dostluq münasibətlərinin göstəricisidir. Siyasi ekspertlər hesab edirlər ki, Şavkat Mirziyoyevin Özbəkistan Prezidenti seçilməsindən sonra ilk dövlət səfərinin məhz Azərbaycana etməsi əlamətdar haldır. Sözügedən fakt bizim qardaşlığımızın və dostluğumuzun ifadəsidir. Millət vəkili, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva qeyd edib ki, səfər çərçivəsində səmərəli görüşlər təşkil olundu. Görüşlər çərçivəsində qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsi istiqamətində bütün nailiyyətlər ətraflı təhlil edildi, eləcə də bütün sahələrdə - beynəlxalq platformalarda birgə fəaliyyətdən, beynəlxalq təşkilatlarda üzvlük çərçivəsində qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsindən başlayaraq, energetika, nəqliyyat, qarşılıqlı iqtisadi fəaliyyət, humanitar məsələlərədək münasibətlərimizin gələcək inkişaf yolları müəyyən olundu: "Səfər çərçivəsində mühüm sənədlər imzalanıb. İmzalanan sənədlərdən biri Ali Dövlətlərarası Şuranın yaradılması barədə müqavilədir. Bu sənədin imzalanması ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinin, qardaşlıq münasibətlərinin, eləcə də gündəliyin kifayət qədər geniş olmasının göstəricisidir. Prezidentlər iki ölkə arasında enerji sahəsində də səmərəli əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğunu vurğulayıblar. Eləcə də, Nəqliyyat-logistika sahəsində yük axınının artmasını və bu istiqamətdə əməkdaşlıq potensialının genişlənməsini müşahidə edilir". S.Fətəliyeva hesab edir ki, iki ölkə arasında əməkdaşlığın böyük tarixi əsasları mövcuddur: "Xalqlarımız arasında qardaşlıq münasibətləri çoxəsrlik tarixə malikdir, bütün dostluq və qardaşlıq dövrü ərzində biz bir-birimizin yanında olmuşuq və bir-birimizi dəstəkləmişik. Diqqət çəkən əsas məqamlardan biri də budur ki, ali qonaq işğaldan azad edilmiş Qarabağa da səfər edib. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə işğaldan tam azad olunmuş Füzulidə məktəb inşa olunub. Bu amil qardaşlıq, həmrəylik və dəstək jestidir. İnşa olunmuş məktəb özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyır və bu, təkcə təhsil ocağı deyil, eləcə də bizim dost və qardaşlığımızın daha bir mərkəzi olacaq. Dövlət başçıları və birinci xanımlar həmin məktəbin açılışını etdilər və Füzulinin sakinləri ilə görüşdülər. Qarabağın incisi olan Şuşaya daha bir türk dövlətinin başçısının səfər etməsi, məşhur Cıdır düzünü ziyarət etməsi həqiqətən də qürurvericidir. Bütövlükdə, Azərbaycan və Özbəkistan arasında münasibətlər yüksələn xətlə inkişaf edir və bu səfər də dövlətlərimiz arasında qardaşlıq münasibətlərinin göstəricisidir".

Millət vəkili Aydın Hüseynov qeyd edib ki, Azərbaycan və Özbəkistanı ortaq soy-kök, eyni dil və yaxın mədəni-tarixi əlaqələr, qardaşlıq münasibətləri birləşdirir: "Hər iki ölkə son dərəcə strateji əhəmiyyətli bir regionda yerləşməklə, Qərb-Şərq arasında körpü rolunu oyanayaraq ən strateji qlobal enerji, nəqliyyat layihələrini təmin etməklə regionun ümumi inkişafına töhfə verir. Son illərdə Prezident İlham Əliyevin Özbəkistana, eləcə də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin ölkəmizə müntəzəm xarakter alan qarşılıqlı səfərləri əməkdaşlıq imkanlarının daha da güclənməsində və iqtisadi əlaqələrin artmasına səbəb olur". Deputat qeyd edib ki, Azərbaycan və Özbəkistan beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKPA, TÜRKSOY kimi beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir və bir-birinə qarşılıqlı dəstək verir. Ötən il Daşkənd şəhərində Azərbaycan, Türkiyə və Özbəkistan hökumət qurumları arasında keçirilən Üçtərəfli görüşünün yekununda imzalanmış Daşkənd Bəyannaməsi Türk dövlətlərinin birliyinin möhkəmlənməsi yönündə ən möhtəşəm siyasi hadisə hesab edilə bilər. A.Hüseynovun sözlərinə görə, ölkələr arasında iqtisadi potensial da böyükdür: "Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 500 milyon dollara yaxın olub, tərəflər bu rəqəmi 2 dəfə artırmağı nəzərdə tutur. Hazırda Azərbaycanda 165 Qazaxıstan şirkəti fəaliyyət göstərir. Qeyri-neft sektorunda Azərbaycandan Qazaxıstana indiyə qədər 204.3 milyon ABŞ dolları dəyərində sərmayə yatırılıb. Qazaxıstandan Azərbaycana isə bu sahə üzrə 98,8 milyon ABŞ dolları həcmində investisiya qoyulub". A.Hüseynov bildirib ki, Vətən müharibəsi nəticəsində ərazilərini işğaldan azad etdikdən sonra Azərbaycan bölgədə yeni reallıqlar yaratmaqdadır, xüsusilə də Mərkəzi Asiya ölkələrinin də təmsil olunduğu Türk Dövlətləri Təşkilatının bu bölgəyə inteqrasiyası güclənməkdədir. Özbəkistanın azad edilmiş Füzuli şəhərində məktəb inşa etməsi, aparılan quruculuq layihələrində təmsil olunması əsil qardaşlıq və strateji dostluq nümunəsi hesab edilə bilər. Avqustun 22-də Azərbaycana səfər edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Prezident İlham Əliyevlə görüşünü və hər iki ölkənin hökumət üzvlərindən ibarət geniş tərkibdə görüşünü mühüm siyasi-iqtisadi hadisə adlandıran deputat hesab edir ki, bu görüş iki qardaş ölkənin strateji müttəfiqliyini daha da möhkəmləndirəcək. Səfər çərçivəsində imzalanmış 20 sənəd, o cümlədən, dövlət başçıları tərəfindən imzalanmış "Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Müqavilə" münasibətlərin inkişafında yeni səhifə açacaq. Həmin sənədlər iqtisadiyyat, sənaye, ticarət, rəqəmsal inkişaf və nəqliyyat, energetika, media və digər sahələrdə çoxtərəfli əməkdaşlıq üçün möhkəm bünövrə sayıla bilər".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31