Türk dövlətləri ilə əməkdaşlıq qlobal əhəmiyyət daşıyır

Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri, həmçinin Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur. Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən Özbəkistanla Azərbaycan arasında əlaqələr xüsusilə son illərdə durmadan genişlənir. Milli Məclisin deputatı Məşhur Məmmədov bildirib ki, ölkələrimizin diplomatik münasibətlərinin 1995-ci il oktyabrın 2-də qurulmasına baxmayaraq, Azərbaycan və özbək xalqları arasında ənənəvi dostluq və qardaşlıq əlaqələri tarixən mövcud olub. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni kökə malik olan hər iki xalq arasındakı əlaqələr qədim dövrlərə gedib çıxır. Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında və dövlətlərarası münasibətlərin formalaşmasında Ulu Öndər Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub. Prezident İslam Kərimovun 1996-cı ildə Azərbaycana və Ümummilli Lider Heydər Əliyevin isə 1997-ci ildə Özbəkistana səfərləri zamanı ölkələrimiz arasında münasibətlərin strateji istiqamətləri müəyyən edilib: "Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri də həlledici rol oynayır. Təsadüfi deyil ki, hər iki prezident dövlət səfərləri və rəsmi səfərlərdən əlavə müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də tez-tez görüşürlər. Şavkat Mirziyoyevin Özbəkistan Prezidenti seçilməsindən sonra ilk dövlət səfərinin məhz Azərbaycana etməsi əlamətdar haldır. Sözügedən fakt bizim qardaşlığımızın və dostluğumuzun göstəricisidir. Səfər çərçivəsində səmərəli görüşlər təşkil olundu. Görüşlər çərçivəsində qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsi istiqamətində bütün nailiyyətlər ətraflı təhlil edildi, eləcə də bütün sahələrdə - beynəlxalq platformalarda birgə fəaliyyətdən, beynəlxalq təşkilatlarda üzvlük çərçivəsində qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsindən başlayaraq, energetika, nəqliyyat, qarşılıqlı iqtisadi fəaliyyət, humanitar məsələlərədək münasibətlərimizin gələcək inkişaf yolları müəyyən olundu.Səfər çərçivəsində imzalanan sənədlərdən biri Ali Dövlətlərarası Şuranın yaradılması barədə müqavilədir. Sözügedən fakt ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinin, qardaşlıq münasibətlərinin, eləcə də gündəliyin kifayət qədər geniş olmasının göstəricisidir".

Onun sözlərinə görə, çoxəsrlik tarixə malik xalqlarımız arasında qardaşlıq münasibətləri  dövrü ərzində biz bir-birimizin yanında olmuşuq və bir-birimizi dəstəkləmişik: "Qarabağın bərpası işində xarici dövlətin ilk hədiyyəsi Özbəkistandan gəldi. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə işğaldan tam azad olunmuş Füzulidə məktəb inşa olunub. Bu amil qardaşlıq, həmrəylik və dəstək jestidir. İnşa olunmuş məktəb özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyır və bu, təkcə təhsil ocağı deyil, eləcə də bizim dost və qardaşlığımızın daha bir mərkəzi olacaq.Bir nüansı qeyd etmək yerinə düşər. Hazırda Özbəkistanda çoxsaylı erməni icmasının yaşamasına baxmayaraq, Özbəkistanda Ermənistan səfirliyi və Ermənistanda Özbəkistan səfirliyi fəaliyyət göstərmir.Özbəkistan Prezidentinin işğaldan azad edilən ərazilərə səfəri qardaş ölkənin Azərbaycanın həyata keçirdiyi bərpa-quruculuq işlərinə töhfə və dəstəyinin daha bir göstəricisidir.Bir sözlə, Azərbaycanın Özbəkistan, eləcə də digər Orta Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verəcək".

YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərli hesab edir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri yerli və beynəlxalq medianın diqqətindədir. Səfərin tarixi, dövlət başçılarının görüşü zamanı müzakirə olunan məsələlər və mühüm sənədlərin imzalanması müxtəlif rakurslardan təhlil edilir: "Bu xüsusda bir neçə məqama xüsusi diqqət yetirmək lazımdır: Azərbaycan ilə Özbəkistan arasında strateji tərəfdaşlığın dərinləşdirilməsinə, ikitərəfli və çoxşaxəli münasibətlərin genişləndirilməsinə xidmət edən təmasların baş tutması Cənubi Qafqazda yeni geostrateji reallıqların, Avrasiyada isə yeni beynəlxalq nizamın yaranması ərəfəsində xüsusi önəm daşıyır; İki dost, qardaş və tərəfdaş ölkə arasında qarşılıqlı fəaliyyətin bütün istiqamətləri üzrə aydın fikirlərin ifadə edilməsi, strateji yol xəritəsinin müəyyənləşdirilməsi yeni mərhələdə qarşıda duran hədəflərin və ortaq prioritetlərin reallaşdırılmasına etibarlı zəmin yaradır; Qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi ölkələrimizin qlobal arenada, beynəlxalq təşkilatlar səviyyəsində milli maraqlara dair bütün məsələlərdə bir-birini dəstəkləməsi baxımından vacib və əhəmiyyətlidir; Yeni mərhələdə Azərbaycan-Özbəkistan münasibətlərinin genişləndirilməsi Türk dünyasında inteqrasiyanın sürətləndirilməsi üçün faydalıdır. Məlumdur ki, iki ölkə Türk dünyasında mühüm söz və nüfuz sahibidirlər, geniş təsir imkanlarına malikdirlər. Tərəflərin münasibətlərinin inkişafı təkcə iki ölkə deyil, türkdilli ölkələrin mövcud olduğu coğrafiyada geosiyasi və geoiqtisadi təşkilatlanmanın gücləndirilməsi, yeni güc mərkəzinin yaradılması üçün olduqca əhəmiyyətlidir. Xüsusilə də, 44 günlük müharibədə Qələbə qazanan Azərbaycanın geostrateji reallıqlar yaratması - yeni əməkdaşlıq imkanlarının, işbirliyi platformalarının reallaşdırılması Türk dünyasına yönəlik perspektivlərin yaranması deməkdir. Nəqliyyat-kommunikasiya sahəsində layihələrin reallaşdırılması isə bu xüsusda önəmli siyasi və iqtisadi dividendlər vəd edir. Avrasiyada geniş coğrafiyanı əhatə edən, Asiya ilə Avropanı birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq Zəngəzur nəqliyyat dəhlizinin gerçəkləşdirilməsi isə regional əməkdaşlıq və beynəlxalq inteqrasiyanı sürətləndirəcək. Azərbaycan-Özbəkistan strateji işbirliyi keyfiyyətcə yeni mərhələyə yüksəlir. Xüsusilə də, səfər çərçivəsində 20 sənədin imzalanması energetika, nəqliyyat, qarşılıqlı iqtisadi fəaliyyət, humanitar məsələlər və digər istiqamətlərdə yeni uğurlar qazanılmasına zəmin yaradır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, görüşlər və danışıqlar münasibətlərinin inkişafının gələcəyini müəyyən etdi. Artıq əldə edilən nəticələr bizim düzgün yolda olduğumuzu göstərir". Onun sözlərinə görə, dövlət başçılarının mətbuata bəyanatlarla çıxışı zamanı diqqətəlayiq və maraqlı bir məqamın növbəti dəfə şahidi olduq. Bu, tarixin təkrarı və ya reallığın daha bir təsdiqi idi. Şavkat Mirziyoyev qeyd etdi ki, "İlham Heydər oğlu, Sizə səmimiyyətlə demək istəyirəm, Azərbaycan dilində danışanda mən Sizi çox gözəl başa düşürəm. Mən Zirvə toplantılarında özbək dilində çıxış edəndə İlham Heydər oğlu da mənə deyir: "Mən Sizi tam başa düşürəm". Beləliklə, bu, çox şey deməkdir, biz bunu bilməli, qiymətləndirməli, sevməli və təbliğ etməliyik". Düz 14 ay əvvəl - 22 iyun 2022-ci il tarixində Prezident İlham Əliyev Özbəkistanda dövlət səfərində olarkən maraqlı və önəmli bir fikir söyləmişdi: "Qardaşım Şavkat Miromonoviçin bütün dediklərini mən anladım, tərcüməçiyə ehtiyac qalmadı". Bu, Azərbaycan Prezidentinin Daşkənddən Türk dünyasına (və dünyaya) xitabən tarixi, mədəni, mənəvi və siyasi məzmuna malik net - çağırış və bəyanat xarakterli mühüm, dəqiq və konkret mesajı idi. Mesajın məzmunu ondan ibarət idi ki, türk dövlətləri bütün məsələlərdə anlaşa, birlikdə hərəkət edə və hədəflərinə nail ola bilirlər. Ona görə də hər hansı tərcüməçiyə (vasitəçiyə) və tərcüməyə (kənar müdaxiləyə, təsirə) lüzum və yer yoxdur. "Tərcüməçiyə ehtiyac yoxdur" fikri türk dövlətləri prizmasından həm günümüzün reallıqlarını, həm də uzaq hədəfləri əks etdirir.  Bu, Heydər Əliyevin "bir millət, iki dövlət" kəlamına praktik məzmun verən, bir millətin bir neçə dövlətinin münasibətlərini, ortaq dəyərlərini, siyasi iradəsini, strateji düşüncəsini və gələcəyə baxışını tərənnüm edən mükəmməl ifadədir. Ulu Öndərin məlum deyimi Azərbaycan ilə Türkiyənin könül birliyinin rəmzinə çevrildi. Prezident İlham Əliyevin bəhs olunan fikri isə türk dövlətlərinin həm mədəni, həm də mənəvi-siyasi bağlılığının məğzi, leytmotividir desək, yanılmarıq. Cənab İlham Əliyevin bir ifadəsi təkcə günün, gündəmin sözü deyil, qarşıdakı onilliklərin bəyanatı, Türk Dövlətləri Təşkilatının söz ilə çəkilmiş mənəvi-siyasi yol xəritəsidir. İki Liderin bir (və birlik) mesajı niyyətimizin bəlli, məramımızın ali, yolumuzun isə açıq olduğunu göstərir".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31