Erməni lobbisinin gözləntiləri puça çıxdı - ÖZƏL

"Prezident İlham Əliyevin düşünülmüş xarici siyasəti, qonşu dövlətlərlə balanslı münasibətlər qurması, Qoşulmama Hərəkatına üzv dövlətlərlə ikitərəfli və çoxtərəfli münasibətləri inkişaf etdirməsi, beynəlxalq təşkilatlarda doğru istiqamətlərdə fəaliyyət göstərilməsi, tərəfdaş ölkələrlə qarşılıqlı maraqları eyni müstəviyə gətirməsi, strateji düşüncəni ön planda tutması BMT Təhlükəsizlik şurasında Ermənistanın son ümidlərinin puça çıxması ilə nəticələnib". "Olaylar" xəbər verir ki, bunu deyən YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynovanın sözlərinə görə, rəsmi İrəvanın "blokada" və ya "humanitar böhran" ilə bağlı ölkəmizə qarşı təbliğatı əsassız və sübutu olmayan iddialardır: "Ermənistan Azərbaycanın Laçın dəhlizini guya blokadaya alması və Qarabağ ermənilərini aclıqla soyqırımına məruz qoymasını növbədənkənar iclasında rəsmiləşdirərək Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsinə, Laçın dəhlizinin beynəlxalq gücdən istifadə edərək açılmasına çalışsa da, ciddi məğlubiyyətə uğradı. Faktiki olaraq heç bir dövlət Ermənistanın tezislərini dəstəkləmədi, Azərbaycanı qeyd edilən iddialarla bağlı ittiham etmədi. Ermənistanın hərəkətləri əvvəlcədən planlaşdırılmış siyasi riyakarlığın təcəssümüdür. Rəsmi İrəvanın Təhlükəsizlik Şurasına müraciəti aylar ərzində beynəlxalq ictimaiyyəti manipulyasiya etmək və çaşdırmaq üçün apardığı kampaniyanın tərkib hissəsidir. Rəsmi İrəvan humanitar məsələləri siyasi məqsədlər üçün istifadə edir. BMT Təhlükəsizlik Şurasının 16 avqust tarixli iclasında görüldüyü kimi, Fransa Azərbaycana qarşı bütün platformalarda sistematik xarakter almış düşmən münasibəti sərgiləyir. Rəsmi Paris Azərbaycanofobiya siyasətindən əl çəkməli və BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi statusundan sui-istifadə etməməlidir. Fransanın aşkar dəstəyi də fayda vermədi. Erməni lobbisinin, Ermənistanı aşkar şəkildə dəstəkləyən bəzi dövlətlərin qeyri-konstruktiv yanaşmasına, müzakirələrə təsir göstərmək cəhdlərinə baxmayaraq, İrəvanın gözləntiləri puça çıxıb. Bu ilk növbədə, rəsmi Bakının yürütdüyü hücum diplomatiyasının səmərəliliyini, İrəvanı informasiya müstəvisində üstələdiyinin əyani göstəricisidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31