Fransa Azərbaycana qarşı diplomatik cəbhə formalaşdırmağa çalışır

"Şənbə günü Fransanın xarici işlər naziri Ketrin Kolonna Çinin xarici işlər naziri Vanq Yi ilə telefon danışığı olub. Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, iki ölkənin xarici işlər nazirləri Azərbaycanla Ermənistan arasında münaqişə və Dağlıq Qarabağda, Ukrayna və Nigerdə vəziyyət, eləcə də ikitərəfli və çoxtərəfli əməkdaşlıqla bağlı digər məsələləri müzakirə edib və məsləhətləşmələr aparıblar". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Cəmaləddin Quliyev deyib: "Fransa  xarici Laçın dəhlizi ilə bağlı tələblərini təkrarlayıb:  
"Bəs, Laçın dəhlizi, Qarabağdakı humanitar vəziyyət və Nigerdəki hərbi çevrilişin eyni zamanda nəzərdən keçirilməsi  sırf diplomatik aktuallığa görədirmi? Avqustun 16-da  BMT  Təhlükəsizlik Şurasının  Qarabağda yaranmış vəziyyətlə bağlı Ermənistanın təşəbbüsü ilə çağırılmış iclasında  Fransanın BMT-dəki daimi nümayəndəsi Natali Estival-Brodhörst  Laçın dəhlizi ilə hər iki istiqamətdə nəqliyyatın qeyd-şərtsiz bərpasına çağırmış,  Çinin BMT-dəki səfirinin müavini Gen Şuan  isə məsələnin diplomatiya və məsləhətləşmə  yolu ilə həllini təklif etmişdi.
Nigerdə fransızpərəst hakimiyyətin rusiyapərəst hərbçilər tərəfindən devrilməsindən sonra  Afrikada  Fransa-Rusiya toqquşması gizlədilməsi mümkün olmayan reallıq kimi  ortaya çıxır. 2010-cu illərin əvvəllərindən bəri Fransanın Afrikada Türkiyə ilə toqquşması da sirr deyil. 
Azərbaycanın Qoşulmama Hərəkatı vasitəsilə keçmiş Fransa müstəmləkələrinə etdiyi çağırışlar da Fransa tərəfindən sadəcə  onları ermənipərəst mövqedən daşındırmaq üçün diplomatik təzyiq kimi deyil, Türkiyə və ya Rusiya cəbhəsində yer almaq kimi qiymətləndirilir.
Görünür, Təhlükəsizlik Şurasındakı iclasın yekunlarından narazı qalan Fransa indi Azərbaycana qarşı diplomatik cəbhə formalaşdırmağa çalışır.  Bunun qarşılığında təklif ediləcək uzlaşma nöqtəsi də var-Afrikdakı maraqları birgə qorumaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31