Macarıstanla əməkdaşlıq sənədlərin imzalanması dostluq əlaqələrinin göstəricisidir - ÖZƏL

"Prezident İlham Əliyevin bu ilin yanvar ayında Macarıstana rəsmi səfəri zamanı bir sıra ikitərəfli sənədlər də imzalanmışdı. Onların sırasında Azərbaycanın dövlət başçısı və Macarıstanın Baş naziri tərəfindən imzalanan Azərbaycan ilə Macarıstan arasında strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə xüsusi önəm kəsb edir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyevanın sözlərinə görə, Bəyannamədə tərəflər ikitərəfli əməkdaşlığın bütün sahələri, həmçinin beynəlxalq və regional məsələlər üzrə strateji dialoqu davam etdirməyə hazırlıqlarını ifadə ediblər: "Sənəddə, eyni zamanda, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyi qeyd olunaraq, TDT-nin Macarıstandakı Nümayəndəlik Ofisinin fəaliyyəti xüsusi vurğulanıb. Qeyd edək ki, 2018-ci ildən Türk Dövlətləri Təşkilatında müşahidəçi olan və təşkilatla əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət verən bu ölkənin Budapeşt şəhərində TDT-nin Nümayəndəlik Ofisi fəaliyyət göstərir. Çoxtərəfli platformada, xüsusilə BMT, ATƏT, NATO, Aİ, Şərq Tərəfdaşlığı, Vişeqrad Qrupu, Türk Dövlətləri Təşkilatı çərçivəsində iki ölkə arasında davamlı əməkdaşlıq əlaqələri inkişaf etdirilir. Həmçinin, "Azərbaycan Respublikasının Şuşa şəhəri və Macarıstanın Vesprem şəhəri arasında dostluq əlaqələrinin təsis edilməsi və mədəniyyət, turizm, şəhərsalma, elm, iqtisadiyyat və ictimai həyatın digər sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu"nun və digər sənədlərin imzalanması da dostluq əlaqələrimizin növbəti göstəricisidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31