Liderlərin görüşündə Orta Dəhlizin əhəmiyyəti vurğulanıb - ÖZƏL
22 Avqust 2023 10:34 Siyasət"Prezidenti İlham Əliyevin Macarıstana işgüzar səfəri zamanı Macarıstanın Baş naziri Viktor Orbanın görüşündə Azərbaycan ilə Macarıstan arasında enerji, o cümlədən neft-qaz sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyi qeyd olunub"."Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyevanın sözlərinə görə, həmçinin qida sənayesi sahəsində Macarıstanın Azərbaycana investisiya qoyuluşu, əczaçılıq sənayesi sahələrində əməkdaşlıqla bağlı əldə olunmuş müsbət dinamika vurğulanıb: "Eyni zamanda, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və quruculuq işlərində Macarıstan şirkətlərinin fəaliyyətə başlaması müsbət addım kimi qiymətləndirilib və bu istiqamətdə daha böyük imkanların olduğu vurğulanıb. Həmçinin, elm-təhsil sahəsində əməkdaşlıq qeyd edilib, xüsusilə Macarıstanda azərbaycanlı tələbələrə ali təhsil üzrə təqaüdlərin verilməsi təqdir olunub, gələcəkdə peşə təhsili sahəsində də əməkdaşlıq məsələləri xüsusi vurğulanıb. Liderlərin söhbəti zamanı, həmçinin Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlığa dair Sazişin imzalanmasının və Qara dənizin dibi ilə elektrik xəttinin çəkilməsi layihəsinin həyata keçirilməsi istiqamətində səylərin davam etdirilməsinin önəmi qeyd olunub, Orta Dəhlizin əhəmiyyəti və yükdaşımaların artması vurğulanıb. Bundan başqa, görüşdə ölkələrimizin Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı qeyd edilib".