Qələbə çalacağımız əsas döyüş öndədir - ÖZƏL
21 Avqust 2023 11:48 Siyasət"Ermənistanın müharibədə məğlub olaraq kopitulyasiya aktı imzalaması məsələsi o qədər ani oldu ki, bu, bütün ermənipərəst ölkələri fakt qarşısında qoydu. İran da daxil, Qərbin və Avropanın bütün ermənipərəst, Türk düşməni olan qüvvələri bunu gözləmirdilər. İlk baxışda Azərbaycan ərazilərinin işğalı kimi görünən fakt əslində geniş şəkildə qeyd edilən qüvvə və güclərin daha böyük planlarının tərkib hissəsi idi. Azərbaycan və Türkiyədən yeni ərazilərin də işğal edilməsi planlarının olması faktı hər kəsə bəllidir. Bu baxımdan Ermənistanın məğlubiyyətini həzm etməyən qüvvələr yenidən Ermənistanı təxribat törətməyə sövq edirlər".
Bu fikirləri "OLAYLAR"-a politoloq Azər Qasımov Ermənistanın yeni bir müharibəyə hazırlaşması istiqamətindəki fəaliyyətinə nəzər salarkən səsləndirib. Onun sözlərinə görə, Ermənistana yeni silahların verilməsi yeni müharibə üçündür:
"Region son bir qarşıdurmaya hazırlaşır və bu dəfə Azərbaycan həmin qüvvələrin birdəfəlik bu regiondan getməsi üçün Ermənistanla qarşı-qarşıya gələcək. Ümid edək ki, Ermənistan son anda ağlını başına yığıb onun sonunu hazırlayan qüvvələrə yox deyə biləcək. Əks halda başına gələcəkləri əslində hamıdan yaxşı bilir. Azərbaycan Prezidenti İlham Əliyev hərbi hissələrdən birinin heyyəti qarşısında çıxışında hərbiçilərimizə yeni uğurlar və qələbələr arzu etmişdi. Görünən odur ki, qələbə çalacağımız əsas döyüş öndədir".