Ermənistan beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədilə riyakar kampaniya aparır - ÖZƏL

"Rəsmi İrəvan Təhlükəsizlik Şurasına müraciətinə hansısa bir zəmin yaratmaq üçün bir neçə ay ərzində beynəlxalq ictimaiyyəti manipulyasiya etmək və çaşdırmaq məqsədilə riyakar kampaniya aparıb". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Kamaləddin Qafarov deyib: "İlk növbədə qeyd olunmalıdır ki, Ermənistanın riyakarlığını təsdiqləyən ən böyük sübut bu ölkənin 30 il ərzində BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə və TŞ sədrinin bir sıra bəyanatlarına açıq-aşkar məhəl qoymadığı halda, indi bu qurumdan yardım diləməsi faktının özüdür. Hərçənd bu, ermənilər üçün adi bir haldır. Lakin bu dəfə onlar öz niyyətlərinə nail ola bilmədilər. Qarabağda müvəqqəti mövcud olan separatçı rejimin və Ermənistanın gözləntilərinin əksinə olaraq, keçirilən müzakirələrdə iştirak edən dövlətlər nə xalqların öz müqəddəratını təyin etməsi prinsipindən, nə qondarma "Dağlıq Qarabağ" rejiminin tanınmasından, nə Qarabağda yaşayan ermənilərə qarşı aclıqla təhdid edilən soyqırımının törədilməsindən, nə də ölümlə nəticələnən aclıq hallarının baş verməsindən bəhs etdilər. Azərbaycanın daha bir uğuru da bu oldu ki, Ermənistanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının gündəliyinə gətirilən iddiaların nəticə almaması, onun bu məsələləri bir daha hansısa beynəlxalq təşkilatın gündəminə gətirmə ehtimalını sıfıra endirdi."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31