Çini Ermənistanla hərbi əməkdaşlığa nə sövq edir? - ÖZƏL

Çinin Ermənistandakı hərbi attaşesi An Tyan avqustun 17-də İrəvanda jurnalistlərin suallarına cavab verərkən iki ölkə arasındakı hərbi əməkdaşlıq üçün potensialın olduğunu vurğulayıb. Hərbi attaşe eyni zamanda hərbi texnologiyalar sahəsində əməkdaşlıq imkanlarının da mövcud olduğunu bildirib. Hərbi attaşe bu haqda danışarkən maraqlı cümlə də işlədib: "Birgə əməkdaşlıq sayəsində sülhə nail olacağıq". 

Görəsən hərbi attaşe hansı sülhü nəzərdə tutub? "OLAYLAR"-ın xəbərinə görə, politoloq Elxan Şahinoğlu deyib ki, Çini Ermənistanla hərbi əməkdaşlığa iki amil sövq edə bilər:

"Birincisi, Çin Rusiyanın hərbi müttəfiqləriylə sıx əlaqələrə malik olmaq istəyir. Misal üçün Çinin müdafiə naziri bugünlərdə Rusiyanın iki əsas müttəfiqi sayılan - İrana və Belarusa səfər edib. O, əməkdaşlığın inkişafı haqda fikir mübadiləsi aparıb. Pekin eyni məntiqlə Rusiyanın Cənubi Qafqazdakı forpostu olan Ermənistanla da hərbi sahədə əməkdaşlığı genişləndirmək istəyir. Pekin bu yolla Ermənistanı həm də Qərbdən uzaq tutmağa çalışır.

İkincisi, Pekin Ermənistan-Hindistan yaxınlaşmasından və hərbi əməkdaşlığından narahatdır. Pekin Hindistanın bölgədə istənilən fəallığını diqqətlə izləyir və bunun qarşısını almaq yollarını araşdırır".

Politoloq hesab edir ki,  Pekin bu iki amildən çıxış edərək Ermənistanla hərbi əməkdaşlığı genişləndirmək istəyirsə, bunun Azərbaycanda mənfi qarşılacağını da anlamalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31