Ərazilərimizdə yerləşdirilən bütün hərbi qurğular dərhal məhv edilməlidir - ÖZƏL
17 Avqust 2023 15:46 SiyasətErmənistan açıq-aşkar müharibə hazırlıqlarına başlayıb. Vəziyyət o həddə çatıb ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasında olan Azərbaycan ərazilərində də ermənilər və Qaarabağdakı separatçı tör-töküntüləri hərbi sursatlar, raket kompleksləri və havadan müdafiə sistemləri quraşdırıblar.
İrəvanın müharibə hazırlıqları barədə danışan "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı "OLAYLAR"-a deyib ki, ərazilərimizdə yerləşdirilən bütün hərbi qurğular dərhal məhv edilməlidir:
"Azərbaycanın buna 100 faiz haqqı var. Bir müddət sonra həmin qurğuların bizə sarı tuşlanmaması, hərbi hissələrimizi və mülki obyektlərimizi hədəfə almaması üçün qabaqlayıcı tədbirlər görülməli, dəqiq zərbələrlə onlar məhv edilməlidir".
Arzuman Muradlı təəssüf hissi ilə qeyd edib ki, Rusiya sülhməramlı kontingenti də Ermənistanın yeni müharibəyə hazırlaşmasının məsuliyyətini daşıyır: "Çünki ərazilərimizdəki qeyri-qanuni hərbi birləşmələri, separatçıların silahlandırılması məhz Rusiya sülhməramlılarının iştirakı ilə baş tutub. Hərbi təyinatlı yüklərin Qarabağa qeyri-qanuni olaraq daşınması Rusiya sülhməramlılarının müşayəti ilə baş tutub. Ona görə də baş verəcək istənilən qarşıdurma, müharibə, insan təıləfatının məsuliyyətini Rusiya və onun sözdə olan sülhməramlı kontingenti daşıyacaq".