"BMT-nin bu mövqeyi Azərbaycanın güclü diplomatiyasının nəticəsidir"- ÖZƏL
17 Avqust 2023 15:48 Siyasət"Ermənilərin BMT TŞ-dan çox böyük gözləntiləri olsa da, əslində Şurada bütün ağıllı və uzaqgörən adamların düşündüyü şey baş verdi. BMT TŞ ermənilərin gözləntilərinə zidd olaraq nə qətnamə, nə də qərar qəbul etdi. Bu, o deməkdir ki, Ermənistan və onun ən böyük müttəfiqi olan Fransa məğlub oldular. BMT-nin mövqeyi Paşinyan- Makron tandeminin ağır zərbə aldığını ortaya qoydu. Öncədən Ermənistan bütün istiqamətlərdə ciddi iş aparmış, BMT-ə üzv olan özlərinə yaxın bildikləri ölkələrlə işləmiş, azərbaycanlıların BMT ofisi qarşısındakı aksiyalarına qarşı təxribat törətmiş olmasına baxmayaraq uğursuzluğa düçar oldular. Bizim mövqelərimiz qalib gəldi".
Bu sözləri "Olaylar"-a "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
"İlham Əliyev bu iclasa qədər əsaslı işlər aparmışdı. 2020-ci il 19 oktyabr tarixində Azərbaycan haqlı olduğu üçün ermənilərin müharibəni dayandırmağa yönələn səyləri iflasa uğradı. BMT TŞ o zamanda da Azərbaycanın əleyhinə qətnamə qəbul etmədi. 2022-ci il dekabr ayında da Ermənistanın Fransa ilə birlikdə səyləri BMT TŞ-da hansısa konkret qərara gəlib çıxmadı. Bütün hallarda Azərbaycanın prinsipial, aydın siyasəti, müttəfiqləri ermənilərin həmlələrini neytrallaşdıran əsas faktora çevrildi. İlham Əliyev bütün dünyanı öncədən inandıra bilmişdi ki, Azərbaycanın Laçın yolu ilə bağlı apardığl siyasətin mahiyyəti Qarabağda yaşayan erməniləri blokadaya salmaq deyil. Azərbaycanın məqsədi odur ki, Laçın yolunun Azərbaycana aid olduğunu dünyaya çatdıra bilsin. Beləliklə, Azərbaycanın öncədən apardığı iş, bu qərarın çıxmasında rol oynadı. BMT TŞ-nın qərarı Azərbaycanın qəbul etdiyi Ağdam-Xankəndi yolu məsələsinə dəstək kimi qəbul edildi. Nəticə Ermənistanın bundan sonra da BMT TŞ-a çıxaracağı məsələləri iflasa uğratdı. Qarabağda olan separatçılar Azərbaycanın təklif etdiyi variantdan başqa yolu qalmadığını anlayacaq.
Təbii ki, bu qərar öz-özündən əmələ gəlmədi. Bu, Azərbaycan prezidentinin apardığı siyasətin məntiqi nəticəsi olaraq meydana çıxdı.
BMT-nin bu mövqeyi Azərbaycanın güclü diplomatiyasının nəticəsidir".