"QHT-lərin etdikləri müraciətdə çox aydın ifadələr var"- ÖZƏL
17 Avqust 2023 14:24 Siyasət"Naxçıvan QHT-lərinin beynəlxalq təşkilatlara Naxçıvanın blokadada olması ilə bağlı etdiyi müraciət tarixi əhəmiyyətli hadisədir. Muxtar respublikanın son 31 ildəki ağır vəziyyətini ifadə etmək olduqca dəyərlidir. Naxçıvanın blokadası bu gün də davam etməkdədir. Naxçıvanlılar ağır blokada şəraitində yaşamağa davam edir. Belə şəraitdə QHT-lərin müraciəti blokadadan çıxış istiqamətində öz təsirini göstərə bilər. Edilən müraciət Naxçıvanın Azərbaycanın ictimai, siyasi proseslərinə sürətlə inteqrasiya olunmasının göstəricisidir. Çox təəssüf ki, Naxçıvanda bundan öncə hakimiyyətdə olan qüvvələr oranı Azərbaycandan tamamilə ayrı bir diyar kimi idarə ediblər. Naxçıvanda öz maraqlarına uyğun addımlar atıblar".
Bu sözləri "Olaylar"-a "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
"Blokada məsələsini beynəlxalq müstəvilərə çatdırmaq üçün lazım olan addımlar atmayıblar. Heç olmasa, QHT-ləri, partiyaları, aktiv vətəndaş cəmiyyətlərinu bu prosesə cəlb edib, onların potensialını işə yönəltmək olardı. Bu, Naxçıvanın keçmiş hakimiyyəti tərəfindən əldən buraxılan fürsətdir. İndi Naxçıvanda bu blokada problemi ilə bağlı fəal iş aparılır. Aydın məsələdir ki, Ermənistanın bu gün guya Qarabağın blokadada olması ilə bağlı apardığı yalan hay-küylü təbliğat müəyyən dairələrdə Azərbaycanın əleyhinə işləsə də, Naxçıvanın real və daha ağır blokada məsələsi ermənilərin təsirini zəiflədir. Ona görə ki, QHT-lərin etdikləri müraciətdə çox aydın ifadələr var. Bütün dünyanın diqqətinə çatdırılıb ki, keçmiş Dağlıq Qarabağın və Xankəndidə olan blokadaların heç bir əsası yoxdur. Naxçıvan kimi ağır vəziyyətdə olan bir diyar isə beynəlxalq nəzarətdən kənarda qalıb. Naxçıvan QHT-lərinin bu müraciətini həm də ikili standart siyasəti aparan beynəlxalq təşkilatların siyasətinə ağır zərbə kimi dəyərləndirmək olar. Onlara mesaj verildi ki, erməni nağıllarına inanmaqları onlara yaraşmayan mövqedir. QHT-lərin müraciəti 10 noyabr sənədinin bütün maddələri, o cümlədən, Naxçıvana yolun açılması ilə bağlı gedən proseslərə təsir göstərmək baxımından əhəmiyyətlidir. Bu müraciətdən sonra hər nə qədər beynəlxalq təşkilatlar ikili standartlara söykənən siyasət aparsalar da, Naxçıvan QHT-lərinin müraciəti həm tarixi hadisələrə söykənir, həm də indiki ağır blokadadan çıxmaq prosesini sürətləndirir".