Ermənistan yeni müharibəyə hazırlaşır
17 Avqust 2023 18:22 SiyasətErmənistan sürətlə yeni müharibəyə hazırlaşır. İşğalçı ölkənin sistemli olaraq Azərbaycanla şərti sərhəd boyunca hərbi texnika və canlı qüvvə cəmlışdirməsi, mövqelərimizin atəşə tutulmasının intensivləşməsi, Rusiya sülhməramlılarının müşayəti altında Qarabağdakı separatçıların silahlandırılması, eləcə də ötən gün baş verən diversiya hücumu bunu deməyə əsas verir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd edilirdi ki, avqustun 16-sı saat 09:00 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib. Qeyd olunub ki, təxribatın qarşısının alınması məqsədilə bölmələrimiz tərəfindən açılan atəş nəticəsində kvadrokopter Ermənistan istiqamətində geri qayıtmağa məcbur edilib.
Baş verən proseslərlə bağlı fikirlərini bildirən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov deyib ki, Ermənistanın təxribatları son zamanlar intensiv hal alıb. Bu isə baş nazir Nikol Paşinyanın sülhlə bağlı açıqlamaları ilə uzlaşmır:
"Çünki provokasiyalar sülh quruculuğu prosesinə və qarşılıqlı etimad mühitinə zərbə vurur. Əvvəllər də dediyimiz kimi, provokasiyaların sülh quruculuğu prosesini istəməyən üçüncü qüvvə tərəfindən idarə olunması istisna deyil. Amma buna görə məsuliyyəti biz yox, rəsmi İrəvan daşıyır".
Kənan Novruzovun sözlərinə görə, Ermənistan hərbi-siyasi hakimiyyəti başa düşməlidir ki, davam edən sabotaj cəhdləri bu dövlətin sülh müqaviləsi ilə bağlı səmimiliyini ciddi sual altına qoyur:
"Azərbaycan sözügedən provokasiyalara adekvat cavab verir. Amma, şübhəsiz ki, proses davamlı olaraq belə davam edə bilməz. Görünür, Ermənistan Azərbaycan ordusunun gördüyü adekvat cavab tədbirlərindən dərs çıxarmırlar. Bu isə daha ciddi addımların atılmasını zəruri edir. Müdafiə Nazirliyinin dünən yaydığı başqa bir məlumatda bildirilib ki, Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Ordumuzun Kəlbəcər rayonu İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən döyüş mövqelərinin arasındakı boşluqlardan istifadə edərək Azərbaycan ərazisinə sızmağa cəhd edib. Adekvat addım nəticəsində diversiya qrupunun bir üzvü yaralanmış vəziyyətdə hərbi qulluqçularımız tərəfindən saxlanılıb. Kəşfiyyat-diversiya qrupunun digər üzvləri geri çəkilməyə məcbur edilib".
Ekspertin qənaətincə, bu və digər hadisələr, o cümlədən Ermənistanın sürətlə silahlanması göstərir ki, qarşı tərəf müharibəyə hazırlaşır. Bu isə Azərbaycan ordusunun növbəti anti-terror əməliyyatına başlaması ehtimalını artırır:
"Bəlkə də, Ermənistan və ondan alət kimi istifadə etmək istəyən qüvvələr yeni müharibə arzusundadırlar. Amma başa düşmək lazımdır ki, ehtimal edilən savaş Ermənistan üçün yaxşı nəsə vəd etmir. Əgər yenidən genişmiqyaslı hərbi əməliyyatlar başlayarsa, rəsmi İrəvan çətin ki, bunun altından çıxa".
"Xəbər Mərkəzi" Analitik Qrupun Ermənistanın hərbi sahədə hərəkətliliyi ilə bağlı yaydığı açıqlamada qeyd edilir ki, bütün bunlar İrəvanın növbəti təcavüzkar siyasətindən xəbər verir. Analitik Qrup təəssüf hissi ilə qeyd edir ki, Ermənistanın yeni hərbi təcavüzə hazırlaşması Qarabağda sülh yaratma missiyasını öz üzərində götürən Rusiya sülhməramlıları, eləcə də dünyanın gözü qarşısında baş verir:
"Ermənistanın yeni təcavüzkar siyasətinə qarşı dünya sərt mövqe sərgiləmək, İrəvanı cəzalandırmaq əvəzinə işğalçı ölkənin Qarabağdakı vəziyyətə dair müzakirə təklifi BMT Təhlükəsizlik Şurasında baxılır. Bu başda BMT olmaqla dünya ölkələrinin mütləq əksəriyyətinin nə dərəcədə ədalətsiz, ikiüzlü, təcavüzkarı dəstəkləmək siyasəti həyata keçirdiklərinin əyani sübutudur".
Analitik Qrup hesab edir ki, Ermənistanın yeni müharibəyə başlaması bu ölkənin tamamilə xəritədən silinməsi ilə nəticələnə bilər: "Bu dəfə heç bir qüvvə təcavüzkar Ermənistanı xilas edə bilməyəcək və o öz layiqli cavabını alacaq"
Süleyman