"Bu gün ədəbiyyatımız susmur..."
18 Avqust 2023 10:30 SiyasətVətən müharibəsinin təbliğində və vətənpərvərlikdə ictimai rolun artırılması mühüm əhəmiyyət kəsb edir. Bu barədə ziyalılarımız nə düşünür?
Atatürk Mərkəzinin direktoru, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, akademik Nizami Cəfərov "OLAYLAR"-a bildirib ki, Vətən müharibəsi milli-ictimai maraq səbəbindən meydana gəldi: "Ona görə də Vətən müharibəsinin təbliği o qədər də asan deyil. Bunlar bir az ziddiyətli görünür. Biz illərlə bu müharibəni istəmişik, arzulamışıq. Yeni nəsillər də bilir ki, biz sülhlə torpalarımızı istəsək də, yanında mütləq "hərbi yolla da olsa, torpaqlarımızı azad edəcəyik" cümləsini işlətmişik. Müharibəyə hazırlıq və sonda qazanılan qələbə xalqımızın böyük istəyi ilə ərsəyə gəldi. Bu, qələbəni təbliğ etmək üçün bizim yazıçılardan, ictimai xadimlərdən, sıravi insanlardan böyük iradə tələb olunmur. Əksinə, çox sadə və aydın şəkildə hər birimizin içində var olan hissləri oyatmaq tələb olunur. Biz müharibəni təbliğ etmirik. Xalqımızın torpaqlarımız üçün olan müstəqillik arzusunu, ərazi bütövlüyümüzü, mübarizə əzmini, danılmış həqiqətləri uğrunda mübarizəni təbliğ edirik. Çünki, bütün hallarda müharibə qan, ölüm, iqtisadi gerilikdir. Bunlar məlumdur. Ancaq, bunlar bir xalqın müstəqilliyi və müqəddaratı üçün hər zaman güzəştə gediləcək şeylərdir. Biz ərazi bütövlüyümüzü müdafiə ediriksə, bunun üçün qandan qorxmaq lazım deyil. Son tarix bizə bunu göstərdi.
Zəfərimiz milli istəklərlə yanaşı Prezident İlham Əliyevin sərkərdəlik məharətini, dövlətçilik düşüncəsinin mükəmməliyini, diplomatik gücünü ortaya qoydu. Bunlarsız dövlət idarəsi mümkün olmaz. Bugünki dövrdə diplomatiya yolu ilə həqiqəti axtarmaq ziddiyət yaradır. Biz beynəlxalq hüquqa, qaydalara hər zaman hörmətlə yanaşdıq, istinad etdik. Nəticə olaraq məsələni öz gücümüzlə həll etdik. Öz gücümüz isə elə-belə yaranmadı. Gücümüzü böyük siyasətlə ortaya çıxara bildik. Əvvəl Heydər Əliyev, daha sonra İlham Əliyevin böyük siyasəti bizi qələbəyə hazırladı. Sıra ilə iqtisadi, hərbi, mənəvi, siyasi hazırlıq öz rolunu oynadı. Beynəlxalq aləmdə dostunu seçmək, kimin düşmən olduğunu bilmək böyük rol oynadı. Beynəlxalq aləmdə İlham Əliyevin apardığı diplomatik döyüşlər bizim hərbi qüvvəmiz qədər müharibənin taleyini həll etdi. Bu, məsələlər mərhələ-mərhələ təbliğ olunmalıdır. Necə gəldi təbliğat aparılmamalıdır.
Bu gün ədəbiyyatımız susmur. Dəyərli əsərlər yaradır. Məsələn, şəhidlərimiz, onların mübarizəsi, şəxsiyyəti ilə bağlı xüsusilə, qadın şairlərimiz çox dəyərli əsərlər yaratdı. Xanım şairlərimiz şəhidlər mövzusuna daha həssas yanaşdılar, ailələri ilə görüşdülər. Dövlətimiz, xalqımız hər bir şəhid məzarının bir qəhrəman məzarı kimi qurulması üçün çalışdı. Göz qarşısında olması üçün yol qırağında plakatlarının qoyulması, xatirə günlərinin keçirilməsi böyük işlərdir. Yenə də düşünürük ki, bir şeylər əskikdi. Bu çox yaxşı haldır. Özümüzü onlar qarşısında daim borclu hiss edirik. Səyyad Aranın "Tacın qaytarılması", Yunus Oğuzun Şuşayla bağlı dəyərli "Cığır" romanı çap olundu. Azərbaycan Yazıçılar Birliyi yazıçıların əsərlərindən ibarət olan Qarabağla bağlı ayrı bir kitab hazırladı. Böyük şairimiz Nəriman Həsənzadənin kitabları çap olundu. Onların hər biri çox dəyərli, milli, ideoloji təbliğat əsəridir. Düşünürəm ki, Vətən müharibəsi vətənpərvərlik dərslərinin miqyasını genişləndirdi. Bu gün Azərbaycanın bütövlüyündən və bütövlüyün vətənpərvərliyindən, Qərbi Azərbaycan torpaqlarından, Dərələyəz, Göyçə, Qərbi Zəngəzur, Amasiya, Vedibasar, İrəvan haqqında danışırıq. Tədricən hissiyatlar güclənir. Təkcə hissiyat olaraq qalmır, ağıl hadisəsinə çevrilir. Bunların ardınca ikiyə bölünən Azərbaycan ağıla gəlir...
Zəfərimiz bizdə vətənpərvərlik hisslərinin miqyasını genişləndirdi. Bundan sonra da genişləndirəcək. O zamana qədər ki, Azərbaycan öz ərazi bütövlüyünü layihə gücündə təmin edəcək".
Əfsanə Kamal
Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi "Azərbaycanın Bütövlüyü Uğrunda" ictimai birliyi tərəfindən icra olunan "Vətən müharibəsinin təbliğində və vətənpərvərlikdə ictimai rolun artırılması" adlı layihə çərçivəsində çap olunur.