Ermənistanın daha bir şousu uğursuzluğa düçar oldu

Dünyanın aparıcı dövlətlərinə, eləcə də beynəlxalq təşkilatlara ümidini bağlayan Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü bütün uydurma ittihamları fiaskoya uğramaqdadır. Qəribədir ki, erməni siyasətçiləri, diplomatları hələ də başa düşmək istəmirlər ki, beynəlxalq təşkilatlar elə dünyanın söz sahibi olan dövlətlərin özləridir ki, onlar da artıq öz sözlərini deyiblər. Azərbaycanın ərazi bütövlüyünü qəbul edən həmin dövlətlər Ermənistanın işğalçı olduğunu, beynəlxalq aləmi çaşdırmaq məqsədilə hay-küy qopardığını yaxşı bilirlər. Elə Ermənistanın istəyi ilə təşkil olunan BMT Təhlükəsizlik Şurasının iclası da bunu bur daha təsdiq etmiş oldu. Belə ki, Ermənistanın BMT Təhlükəsizlik Şurasından növbəti dəfə öz şantaj kampaniyası üçün istifadə etmək cəhdi uğursuzluğa düçar oldu. Ermənistanın sözügedən ali orqanı bu cür manipulyasiya və istismar etmək səyləri postmünaqişə dövründə normallaşma gündəliyinin irəli aparılması baxımından qeyri-məhsuldar olmaqla yanaşı, son dərəcə destruktivdir. BMT Təhlükəsizlik Şurasının iclasında Ermənistan Azərbaycana qarşı hər hansı bir sənədin qəbul olunmasına nail ola bilmədi. Doğrudur, bəzi erməni ekspertlər məsələnin Təhlükəsizlik Şurası kimi yüksək qurumda müzakirə olunmasını müsbət hesab etsə də, əsas nəticədir. Nəticə isə bizim milli maraqlarımıza uyğundur. Azərbaycan əleyhinə hansısa sənədin qəbul edilməsini arzulayan Ermənistan və onun havadarlarının məqsədi iflasa uğradı. Azərbaycan diplomatı dövlətimizin mövqeyini yüksək səviyyədə təqdim etdi. Ekspertlərin qənaətinə görə, bundan sonra aydın hədəfimiz Xankəndi üzərində suverenliyimizi təmin etmək olmalıdır. Çünki biz görürük ki, ermənilər və havadarları bu problemi sonsuza qədər uzatmağa çalışırlar. Ona görə də, dövlətimizin müstəsna haqqının təmin edilməsi üçün beynəlxalq təşkilatlar və dövlətlər beynəlxalq hüquq çərçivəsində Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərimizin cəmiyyətimizə inteqrasiya edilməsi istiqamətində konkret mövqe ortaya qoymalıdır. Biz Təhlükəsizlik Şurasının iclasında müşahidə etdik ki, bu amilin üzərindən keçmək istəyən ölkələr də var. Bu səbəbdən qarşıdakı hədəfimiz və tələbimiz net olmalıdır.

Millət vəkili Vüqar Bayramov bildirib ki, Ermənistanın daha bir şousu uğursuzluğa düçar oldu. BMT Təhlükəsizlik Şurasının son iclası bir daha təsdiq edir ki, Qafqazda dayanıqlı sülhün əldə edilməsinin yeganə yolu ölkələrin qarşılıqlı olaraq ərazi bütövlüyü və suverenliyinin tanınmasıdır. Azərbaycanın Vətən Müharibəsindəki şanlı zəfərindən sonra regionda yeni düzən formalaşıb. Onu pozmaq, praktik olaraq, mümkün deyil: "BMT Təhlükəsizlik Şurasının üzvü olan bir neçə dövlətin, eləcə də qardaş Türkiyənin Ağdam-Xankəndinin yolunun bütün növ əmtəələrin daşınmasına hazır olmasını qeyd etməsi də aydın şəkildə "blokada şousunun" sadəcə Ermənistanın manipulyasiyanın olduğunu göstərdi. 26 km uzunluğu olan Ağdam-Xankəndi yolu müasir standartlara uyğun qurulmaqla yanaşı bölgədə Xankəndinə ən qısa məsafə hesab olunur. Laçın-Xankəndi yolu 60 km-dir və bu yol Şərqi Zəngəzurla Qarabağı birləşdirir. Ağdam-Xankəndi yolu isə Qarabağ iqtisadi rayonunda daxili şəbəkədir və bu baxımdan da vacib nəqliyyat xəttidir. Bu yoldan istifadə bütövlükdə Qarabağ iqtisadi rayonun inkişafına töhvə baxımdan da vacibdir. Daxili nəqliyyat və logistik şəbəkə iqtisadi inkişaf üçün zəmin yaratdığından bu yolun intensiv istifadəsi əhəmiyyətlidir. Nəhayət, Ermənistanın BMT Təhlükəsizlik Şurasından növbəti dəfə öz şantaj kampaniyası üçün istifadə etməsinin qarşısının alınması Azərbaycan diplomatiyasının yeni uğurudur".

"Cümhuriyət" qəzetinin baş redaktoru Rafael Becanovun sözlərinə görə, Ermənistan məğlubiyyət ardınca məğlubiyyət yaşayır. 30 il günahkar və işğalçı olsa da, gücü qarşısında hamı geri çəkilirdi. İndi ümid etdiyi BMT-nin qətnamələrini belə kağız parçası kimi dəyərləndirib, bir sözünə belə əməl etmədi. Dünya isə bu ədalətsizliyə illərlə göz yumdu, susdu. Azərbaycanın haqq səsini eşidən olmadı. Ermənistan haqsız olsa da, güclü idi. Onun gücü qarşısında bu gün Ermənistanın yalançı hay-küyündən riqqətə gələnlər susurdu: "30 il kağız parçasına çevrilən BMT qətnamələrini Azərbaycan özü icra etmək məcburiyyətində qaldı. 30 ildən sonra o qətnamələri təkbaşına 44 günə icra etdi və torpaqlarımız işğaldan azad edildi. Bu gün güclü bizik. Ermənistandan fərqli olaraq haqlı və güclü.  Ermənistan yalançı hay-küylə BMT Təhlükəsizlik Şurasının iclasının çağırılmasına nail oldu, amma növbəti diplomatik məğlubiyyətini yaşadı. Ermənistanla birgə onun müttəfiqlərinin, belə desək, "bacı-qardaşlarının" da xain və Azərbaycana qarşı məkrli niyyətləri ürəklərində qaldı, çiçəkləri gül açmadı. Azərbaycan BMT-də öz haqlı mövqeyini qorudu, müdafiə etdi və qalib gəldi. BMT-dəki daimi nümayəndəmiz Yaşar Əliyev Ermənistanın saxta iddialarına tutarlı cavab verdi və düşmən(lər)in mövqeyinə sarsıdıcı zərbə vurdu. Humanitar məsələ kimi sırımaq istədikləri suverenlik və ərazi bütövlüyünə qəsd olan arqumentlər darmadağın edildi". R.Becanov hesab edir ki, bu, Azərbaycan diplomatiyasının qələbəsidir: "Bu uğur sübut etdi ki, işğal zamanı olan 30 il və zəfərdən sonrakı 3 il boşuna getməyib. Azərbaycan diplomatiyası uğurlu işləyib, ən kçik detallara qədər belə hesablanıb. Prezident İlham Əliyev Ali Baş Komandan olaraq müharibə meydanında olduğu kimi diplomatiya meydanında qazanılacaq qələbə formulunu dəqiqliklə düşünüb. Azərbaycanın Qoşulmama Hərəkatına rəhbərliyi siyasi və diplomatik qələbələrimizin ana xətlərindən biridir. Azərbaycan artıq dünya siyasəti müəyyənləşdirilərkən, gərəkəndə YOL XƏRİTƏSİ təqdim edən ölkələrdən biridir. Diplomatiya və diplomatik qələbə belə olur. Müharibədən sonrakı qələbə budur! Reallıq var, dünya güclə hesablaşır. 30 il gücsüz olduq, ədalətli mövqeyimizi müdafiə edən olmadı. İndi güclüyük, ona görə də kimsə haqqımıza girməyə cürət etmir, haqlı mövqeyimizə, ərazi bütövlüyümüzə, suverenliyimizə qəsd etməkdən çəkinir.Hər zaman güclü olmalıyıq...Xankəndi və ətrafında baş verənlər Azərbaycanın daxili işidir. Qarabağdakı ermənilərin yolu var. Azərbaycanın daxilindəki yol-nəqliyyat infrastrukturu onların üzünə açıqdır. Yalançı informasiya, böhran, fəlakət deyimləri daha keçmir. BMT-nin dünən nəticəsiz başa çatan iclası  bunu bir daha sübut etdi. Ermənistanın da, Qarabağda yaşayan ermənilərin də bir çıxış yolu var: Azərbaycanla sülh müqaviləsi imzalamaq və qonşuluq prinsipləri ilə yaşamaq, Azərbaycanın qanunlarına tabe olmaq, o qanunlarla yaşamaq".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31