Bu gün blokadadan danışanlar Naxçıvanın 30 il ərzində blokadada yaşamasını görməməzlikdən gəldilər - ÖZƏL

"30 ildir Naxçıvanın blokada vəziyyətində yaşamasını görməməzlikdən gəlmək, əvəzində Qarabağ ermənilərinin Azərbaycan tərəfindən blokadaya alındığını iddia etmək siyasi riyakarlıq, ikiüzlülük, nadanlıqdır". Bu fikirləri "OLAYLAR"-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədri deyib ki, Azərbaycan tərəfi Laçın Sərhəd Buraxılış Məntəqəsindən Qarabağın erməni sakinlərinin maneəsiz şəkildə hərəkət etməsi üçün hər cür şərait yaradıb və gün ərzində ermənilər heç bir problemlə üzləşmədən məntəqədən keçə bilirlər:

"Bunun qarşılığında erməni maraqlarına xidmət edən bəzi ölkələrin Qaranağ ermənilərinin blokadada saxlanıldığını iddia etməsinin heç bir əsası yoxdur və tamamilə cəfəng fikirlərdir. Digər tərəfdən Azərbaycan tərəfi Qarabağ ermənilərinə humanitar yardımın daha əlverişli şəkildə və nisbətən asan yolla çatdırılması üçün Ağdam-Xankəndi marşrutunu təklif edib. Lakin qarşı tərəf Fransa, İran, Rusiya kimi dövlətlərin sifarişini yerinə yetirərək Ağdam-Xankəndi marşrutunu qəbul etmir. Bu da onu deməyə əsas verir ki, bəzi avropalı siyasilərin iddia etdiyi kimi Qarabağ erməniləri heç də blokadada, ac-susuz vəziyyətdə deyil. Əgər vəziyyət doğurdan da avropalı siyasilərin iddia etdiyi kimi olsaydı, o zaman ermənilər yükdaşımalar üçün daha əlverişli olan Ağdam-Xankəndi marşrutuna üstünlük verərdilər".

Arzuman Muradlı daha sonra bunları qeyd edib:

"Bu gün olmayan bir blokadadan danışan Avropanın bəzi siyasi təsisatları, rəsmi şəxsləri nədən 30 il müddətində Naxçıvanı görməməzlikdən gəldilər?. Niyə bir dəfə də olsun erməni təcavüzü səbəbindən Naxçıvanın blokada vəziyyətində olduğunu dillərinə gətirmədilər. Bu gün blokadadan danışanlar Naxçıvanın 30 il ərzində blokadada yaşamasını görməməzlikdən gəldilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31