Laçın yoluyla Qarabağdakı terrorçu ünsürlərə silah-sursat daşınıb - ÖZƏL
16 Avqust 2023 10:01 Siyasət"Dünən Müdafiə Nazirliyimizin Azərbaycanda akkreditə olunmuş hərbi attaşelər və beynəlxalq təşkilatların təmsilçiləri üçün brifinq keçirməsini mən iki baxımdan önəmli sayıram". Bunu "Olaylar"a deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə, bununla bir daha dünyanın diqqətinə çatdırıldı ki, Laçında nəzarət-buraxılış məntəqəsi qurulması və orada yeni rejimin tətbiqi nə ilə bağlıdır: "Yəni faktlarla göstərildi ki, Laçın yoluyla Qarabağdakı qanunsuz silahlı birləşmələrə, terrorçu ünsürlərə silah-sursat daşınıb. Azərbaycanın məqsədi qarşı tərəfin iddia etdiyi kimi Qarabağdakı haydillilərlə hayları blokadada saxlamaq yox, bunun qarşısını almaqdır. Onları blokadada saxlamaq istəyən humanitar yüklərin çatdırılması üçün daha rahat marşrut, yəni Ağdam-Xankəndi yolunu təklif etməzdi.
İkincisi, brifinqdə Qarabağdakı qanunsuz silahlı birləşmələrin yerləşdikləri məntəqələrin dəqiq yerlərinin göstərilməsi o demək idi ki, Azərbaycan istənilən an onları məhv edə bilər. Bunun üçün bütün hazırlıqlar görülüb. Və mən əminəm ki, həmən brifinqdə göstərilənlər heç də təsbit edilən terrorçu yığnaqlarının hamısı deyildi . Onların harada yerləşdikləri isə məhv edildikdən sonra sərgilənəcək".