İstənilən təxribatın cavabı ən sərt şəkildə veriləcək - ÖZƏL
15 Avqust 2023 14:20 SiyasətErmənistan üçtərəfli bəyanata uyğun olaraq Qarabağdakı qeyri-qanuni hərbi birləşmələri ləğv edib sülh prosesinə dəstək vermək əvəzinə, yenidən onları Azərbaycana qarşı körükləyir. Rusiya sülhməramlılarının müşayəti ilə Qarabağa əlavə hərbi texnika və silah-sursat daşıyan Ermənistan yeni bir təxribata, hərbi qarşıdurmaya hazırlaşır.
Baş verənlərlə bağlı fikirlərini "OLAYLAR"-la bölüşən "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı deyib ki, Azərbaycan Ordusu istənilən təxribata ən sərt şəkildə öz cavabını verəcək:
"Buna heç kimin şübhəsi olmasın. Yaxşı olardı ki. Ermənistan 44 günlük Vətən müharibəsində, eləcə də ondan sonrakı dövrdə "Qisas" antiterror əməliyyatından nəticə çıxarardı. Ancaq görünən odur ki, Ermənistan rəhbərliyi, eləcə də ona havadarlıq edən bəzi yaxın və uzaq ölkələr bundan nəticə çıxarmayıblar. Əks halda yeni bir qarşıdurma, gərginliyə yol açmazdılar".
Arzuman Muradlı onu da əlavə edib ki, baş verəcək istənilən təxribat və həmin təxribata qarşı atılacaq ən sərt addımlara Ermənistan rəhbərliyi ilə yanaşı, eyni zamanda onu revanşizmə sürükləyən Rusiya, Fransa, İran, həmçinin bəzi Avropa ölkələri məsuliyyət daşıyır:
"Çünki şərti sərhəd boyunca Ermənistanın, həmçinin Qarabağdakı separatçıların silahlanması birbaşa Rusiya sülhməramlılarının müşayəti ilə həyata keçirilir".