Beynəlxalq təşkilatlar bölgədə həqiqi blokada görmək istəyirlərsə, Naxçıvana səfər etsinlər
15 Avqust 2023 11:13 Siyasət"Avropa təşkilatları 30 ildən artıqdır ki, blokadada qalan Naxçıvana bir dəfə də olsun yardım məsələsini gündəmə gətirməyiblər. Beynəlxalq təşkilatlar bölgədə həqiqi blokada görmək istəyirlərsə, Naxçıvan Muxtar Respublikasına səfər etsinlər".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri "Azərbaycan Milli İnkişaf Layihəsi" ictimai birliyinin sədri Rauf Rəcəbov səsləndirib. O bildirib ki, 30 ildən artıq blokada şəraitində yaşayan Naxçıvan əhalisinin ümidi Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın digər bölgələri ilə quru əlaqəsinin yaradılması, regionda kommunikasiyaların açılmasıdır:
"Zəngəzur dəhlizi açılmalı, blokada aradan qaldırılmalıdır. Necə ola bilər ki, Azərbaycan hökuməti Qarabağda yaşayan erməni sakinlər üçün Laçın yolu ilə kommunikasiya imkanları yaradır, üstəlik Ağdam-Xankəndi yolunu da təklif edir, ancaq Ermənistan Naxçıvan əhalisinin hətta humanitar əsasda belə Azərbaycanın digər hissəsinə keçməsinə şərait yaratmır".
İctimai Birlik sədri qeyd edib ki, Dünya birliyi Ermənistanı Zəngəzur dəhlizi layihəsini icra etməyə məcbur etməlidir:
"Azərbaycan Milli İnkişaf Layihəsi" ictimai birliyi olaraq Beynəlxalq Qırmızı Xaç Komitəsindən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyanın təmin edilməsini tələb edirik".