Rusiya Yevlax görüşünün keçirilməsinin qarşısını alıb - ÖZƏL
14 Avqust 2023 11:54 Siyasət"Azərbaycan Qarabağda Rusiya sülhməramlı qüvvələrinin təminatını və rotasiyasını Ermənistan vasitəsilə deyil, Xankəndi-Agdam yolundan istifadə etməsini tələb etməlidir. Laçın yolunda NBM qurulduğu və Azərbaycan öz sərhədlərini tam bağladığından Rusiya sülhməramlı qüvvələri Ermənistanla əlaqələri kəsilməlidir". "Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib: "Ruslar helikopterlərdən lojistikanı həyata keçirirlər. Azərbaycan konkret sual verməlidir, niyə Ermənistan ərazisindən lojistika olmalıdır. Rusiyanın əsas planı erməni separatizminə dəstəyi davam etdirməkdir. Rusiya son Yevlax görüşünün keçirilməsinin qarşısını alıb. Demək olar ki, bütün təmaslar dayanıb. Azərbaycan yalnız güc tətbiq etməklə, prosesləri leyhinə dəyişə bilər. Danışıqlar vaxt uzatmaqdan ibarətdir. Ermənistan bundan istifadə edib, Azərbaycan əleyhinə cəbhə formalaşdirir. 30 il bizə dərs olmadı ki, biz yenədə danışıqlarla nəyinsə həllinə nail olacağına inanırıq?!
Başa düşməliyik ki, ermənilər məğlubiyyətlə barışmır və sülh müqaviləsinin bağlanmasında maraqlı deyillər. Ola bilər ki, N. Paşinyan və onun kiçik komandası sülhdə maraqlı olsun. Amma, N. Paşinyanın komandası monolit deyil. Nəzərə alsaq ki, ordu da tam N. Paşinyanın tabeçiliyində deyil. Ona görə də Azərbaycan yalnız güc milinə üstünlük verməlidir".