“Humanitar yardım” şousu sülh müqaviləsinin imzalanmasına qarşı yönəlib - ÖZƏL
10 Avqust 2023 15:59 Siyasət"Ermənistanın humanitar yardım şousu yalnız bir məqsəd daşıyır. Azərbaycanla sərhədlərin müyyənləşdirilməsi və sülh müqaviləsinin imzalanmasına əngəl olmaq. Qarabağdakı erməni əhalinin taleyi qətiyyən Ermənistan hakimiyyətini düşündürmür".
Bu fikirləri "OLAYLAR"-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədri deyib ki, Ermənistan çox götür-qoy etdikdən sonra sülh müqaviləsini imzalamaqdan yayınmağın yolunu tapdı:
"Daha doğrusu ona belə bir şou yaratmaqda Fransa, İran, Rusiya kimi havadarları kömək etdi. Təsadüfi deyil ki, "humanitar şou"dan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edən də Ermənistandan daha çox Fransadır. Eləcə də Ermənistanda fəaliyyət göstərən İran şirkətlərinin "humanitar yardım" şousuna qoşulması onu deməyə əsas verir ki, bu şounun arxasında yalnız və yalnız regionda gərginliyin davam etməsi maraqları dayanır".
Arzuman Muradlı hesab edir ki, Ermənistan hakimiyyəti, eləcə də Fransa, İran, həmçinin "humanitar yardım şousu"na qoşulan bəzi ölkələri həqiqətən də Qarabağda yaşayan ermənilərin taleyi maraqlandırsaydı, o zaman Azərbaycanın təkif etdiyi Ağdam-Xankəndi marşrutuna dəstək nümayiş etdirərdilər:
"Ancaq hazırda biz bunun əksini görürük. Burada da başlıca məqsəd yuxarıda qeyd etdiyim kimi regionda gərginliyin qalması, bu gərginlikdən istifadə edərək həmin ölkələrin regionda öz maraqlarını təmin etməyə çalışmalarıdır".