Azərbaycan Avropada yeni mövqelər əldə edir

Ölkəmiz etibarlı strateji tərəfdaşlıq mövqeyi nümayiş etdirir

Hazırda Azərbaycan müstəqil dövlət olaraq dünyada misli görünməmiş neft və qaz siyasəti həyata keçirir. Yürüdülən siyasət deməyə əsas verir ki, yalnız müstəqi dövlətlər  və xalqlar öz təbii ehtiyatlarından səmərəli şəkildə istifadə edə bilər. Bu gün müstəqi Azərbaycan nəhəng layihələrin müəllifi və təşəbbüskarı olmaqla Avropanın enerji xəritəsini yenidən tərtib etməkdədir. Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi ən mühüm layihələrdən biri Cənub Qaz Dəhlizinin rəsmən fəaliyyətə başlamasıdır. Dünyanın gündəliyində çox ciddi dayanan enerji təhlükəsizliyində önəmli yer tutan Cənub Qaz Dəhlizinə ilk qazın vurulması mərasimi elə dünyanın diqqətini özünə cəlb etmiş oldu. Xatırladaq ki, sözügedən Cənub Qaz Dəhlizi ölkəmiz üçün kifayət qədər siyasi və iqtisadi əhəmiyyətə malikdir. Nəzərə  alaq ki, bu layihədə Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya kimi yeddi ölkənin birbaşa marağı var. Həmçinin on bir şirkət layihənin bir və ya bir neçə hissəsində iştirak payına malikdir. Bu is o deməkdir ki, on bir qaz alıcısı böyük yeni qaz həcmlərinn alınmasına cəlb olunacaq. Bununla da geniş beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən bu layihə  gələcəkdə nəinki energetika sahəsində, digər  sahələrdə də Azərbaycanla Avropa və region dövlətlər arasında  əməkdaşlığın dərinləşməsinə təkan verəcək.  Eyni zamanda, Cənub Qaz Dəhlizi öz miqyası və Avropa və dəhliz marşrutu boyunca yerləşən ayrı-ayrı ölkələr üçün əhəmiyyəti baxımından əlamətdar bir layihədir. Bu dəhliz Avropaya enerji diversifikasiyasının böyük yeni mənbəyini təklif edəcək. Bu isə Avropa ölkələrinin  iqtisadiyyatına müsbət təsir göstəricisi ilə yadda qalacaq. Digər tərəfdən layihə tranzit əraziyə malik ölkə hökumətləri, enerji şirkətləri və qaz alıcıları arasında razılıq və anlaşma mühiti yaradacaq ki, bu da öz növbəsində Azərbaycan və digər ölkələrdə hətta daha böyük qaz həcmlərinin işlənməsini stimullaşdıracaq. Layihənin siyasi əhəmiyyəti ondan ibarətdir ki, dəhliz Avropanın enerji xəritəsində və enerji istehlak səbətinə yeni mənbələrin daxil olması ilə müşahidə olunur. Azərbaycana gəldikdə isə mövcud qaz yataqları ilə bağlı uzunmüddətli iqtisadi gəlirin əsası qoyulmuş olur. Həmçinin Azərbaycan Avropa ölkələrində yeni mövqelər əldə etmiş olur. YAP Xocavənd Rayon Təşkilatının təmsilçisi Adəm Süleymanov qeyd edib ki,  Azərbaycan Avropanın mühüm qaz təchizatçısına çevrilib: "Artıq bu gün Azərbaycan bölgədə neft-qaz ixracatçısı kimi və lider dövlət olaraq etibarlı strateji tərəfdaş mövqeyini nümayiş etdirir. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlıq əlaqələrinin mövcudluğu böyük əhəmiyyətə malikdir və bu da Azərbaycanın dünya arenasında artan iqtisadi qüdrətindən xəbər verir. Azərbaycanın təbii qazına tələbat Avropa ölkələri üçün ən aktual və prioritet məsələlərdən biridir. Qeyd etmək lazımdır Avropa ölkələrinin Azərbaycan qazına olan tələbatı durmadan artmaqdadır. Məlum olduğu kimi ölkə Prezidenti cənab İlham Əliyev iyulun 22-də Şuşada "Euronews" televiziyasına müsahibə verib. Müsahibə avqustun 1-də "Euronews"da yayımlanıb. Müsahibə zamanı Prezident İlham Əliyev ölkəmizin enerji potensialından bəhs edərkən bildirdi ki, "Artıq iki ildən çoxdur ki, Azərbaycan Avropanın mühüm qaz təchizatçısına çevrilib. Əlbəttə, Rusiyaya qarşı sanksiyalarla bağlı vəziyyət yeni ölçü yaradıb, çünki hazırda enerji sərvətlərimiz heç zaman olmadığı kimi zəruridir. Lakin istənilən addıma gəldikdə, biz onu bir çox il əvvəl imzalanmış müqavilələrimiz və planlarımız əsasında atırıq. Düzdür, hazırda Azərbaycandan əlavə qaz almaq üçün müraciət edən ölkələrin sayı daha çoxdur. Bunu etməyə hazırıq və artıq başlamışıq. Ötən il daha çox ölkə qazımızı almağa başladı. Bu, cari ildə də davam edəcək. Lakin yenə də Rusiya ilə münasibətlərimiz nöqteyi-nəzərindən, Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra çox şey dəyişməyib". Azərbaycan regionda geosiyasi potensiala malik olan bir dövlət kimi həm region, həm də bir sıra Avropa ölkələri üçün önəmli tərəfdaşdır. Ölkəmiz Beynəlxalq münasibətlər sistemində aparıcı mövqeyə malikdir və milli dövlətçilik maraqları çərçivəsində Beynəlxalq arenaya uğurla inteqrasiya etməkdədir. Həmçinin müstəqil xarici siyasət aparan respublikamız özünün Cənubi Qafqaz regionundakı əhəmiyyətli ərazi, geostrateji və geoiqtisadi üstünlüklərindən yararlanaraq uğurlarının miqyasını gündən-günə artırmaqdadır. Qeyd etmək lazımdır ki, Azərbaycan dünya miqyasında digər sahələrdə olduğu kimi enerji təhlükəsizliyi sahəsində də etibarlı tərəfdaş kimi tanınır və ölkəmiz tərəfindən böyük enerji layihələri uğurla icra olunur".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31