Ərdoğan-Putin görüşü nə vəd edir?
11 Avqust 2023 11:13 SiyasətHələ görüş baş tutmasa da, indi demək olar ki, dünyanın bir nömrəli müzakirə mövzularından biri də bu ayın sonunda keçirilməsi nəzərdə tutulan Ərdoğan-Putin görüşüdür. Son vaxtlar bir qədər sərinləşmə müşahidə edilən Türkiyə-Rusiya münasibətləri fonunda Ərdoğan-Putin görüşünün heç də uğurlu alınmayacağı ehtimal edilməkdədir. Ancaq onu da nəzər almaq lazımdır ki, indiki durumda Ankara ilə münasibətləri korlamaq Kreml üçün tarana getmək kimi bir şey olar. Çünki Qərbin şiddətli sanksiyaları qarşısında Rusiya məhz Türkiyə ilə ikitərəfli əlaqələri genişləndirməsi fonunda duruş gətirə bilir. Ona görə də Putinin türkiyəli həmkarı ilə bu ayın sonunda keçirilməsi nəzərdə tutulan görüşündə Kreml rəhbərinin Ankaranın əksər istəyini nəzərə alacağı qyd edilir. Elə ekspertlər də bu qənaətdədirlər. AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə deyir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə keçirilməsi gözlənilən görüşün məzmunu geniş, əhəmiyyəti yüksəkdir. Onun sözlərinə görə, maraqlı nünaslardan biri, Ukrayna prezidenti Zelnskinin Türkiyə səfərindən sonra Azov komandirlərinin Kiyevə ekstradisiya olunması və bundan Rusiya-Türkiyə əlaqələrində hiss olunan soyuqlaşmaya keçiriləcək görüşün hansı dərəcədə təsir edəcəyidir:
"Liderlərin müzakirə gündəliyi kifayət qədər zəngindir və bu genişaspektli mövzuların hər biri ona işarədir ki, görüş gərgin məcrada gedəcək. Təbi ki, müzakirə olunacaq mövzular arasında ilk ölkə sırada Ukraynada aparılan hərbi əməliyyatlar, münaqişənin həll yolları və müharibənin regional oyunçulara təsirləri yer alacaq və qardaş ölkə rəhbəri Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarının yenidən taxıl sazişinə qayıtması üçün cəhdlər edəcək. Aydındır ki, rəsmi Moskva Afrika qitəsinin ərzaqlıq buğdaya olan təlabatını özünün siyasi maraqları naminə maksimum dərəcədə istifadə etməyə çalışır və bir müddət öncə Rusiyada keçirilən Afrika sammiti bunun əyani nümayişidir. İndiki məqamda Ankara və Moskvanın qara qitə ilə bağlı maraqları bir çox istiqamətdə uzlaşdığı üçün (ən əsası Fransa mövzusu ətrafında) Ərdoğan və Putinin bu mövzu ilə əlaqədar razılığa gələcəyi gözləniləndir. Digər vacib mövzulardan biri də ənənəvi olaraq Azərbaycan-Ermənistan münasibətləri, Zəngəzur koridorunun açılması və hər iki dövlətin regional maraqlarının müzakirə olunmasıdır".
Pərviz Mirizadə deyib ki, Türkiyə regionda aktiv oyunçulardan biridir və prezident Ərdoğan NATO-nun Vilnusda keçirilən sammitində Rusiyanın sülhməramlı missiyası ilə bağlı ölkəsinin mövqeyini açıq şəkildə vurğuladı:
"Ankara Moskvaya 2025-ci ildən sonra qüvvələrin bölgədən çıxarılması üçün təzyiqlərni davam etdirir. Digər maraqlı mövzu hər iki liderin Suriya böhranı ətrafında aparacağı danışıqlardır. Moskva və Ankara ABŞ-ın Suriyada həyata keçirdiyi fəaliyyətdən, onların terror qruplaşmalarına dəstəyindən narahatdır və hər iki ölkə Vaşinqtonun bölgədən çıxarılmasında maraqlıdır. Türkiyə üçün narahat verici məqamlardan biri də İranın Suriyada mövcud varlığıdır".
Politoloq Azər Qasımov deyib ki, qlobal maraqların fonunda ölkələrin öz maraqlarını qorumaq cəhdini nəzərə alsaq, Türkiyə və Rusiyanın ortaq maraqları onları aralarındakı ziddiyyətləri unutmağa və əməkdaşlıq etməyə vadar edir:
"Ziddiyətli məqamlar ölkələrin fəaliyyətində narazılıqlar yaratsa da, ölkə rəhbərləri daha böyük təhlükələr qarşısında xırda narazılıqları həmişə arxa plana ata biliblər. Putin-Ərdoğan görüşünün elan edilən məsələlər fonunda səmərəli olacağı qismən mümkün olsa da, hesab etmək olar ki, liderlərin şəxsi münasibətləri prinsipial məsələlərə də öz təsirini göstərəcək. Ukrayna müharibəsi məsələsinin iki liderin müzakirə predmeti olacağı qeyd edilsə də, bunun müzakirədən o tərəfə keçməyəcəyi qənaətindəyəm".
Onun sözlərinə görə, görüşdə "Taxıl dəhlizi" məsələsində müsbət nəticə almaq ehtimalı böyükdür:
"Suriya və Liviya məsələlərində də yeni bir durum yoxdur. Tərəflər bir-birilərinə qarşı ata biləcəyi addımları atıblar, bundan sonrası iki tərəf üçün də strateji qırılma vəd edir. Bu, eyni ilə Qarabağ məsələsində də özünü göstərir. Rusiya və Türkiyə edə biləcəklərini ediblər. Son addım qarşıdurma deməkdir. Ona görə də son addımı atmaq Azərbaycanın öhdəsinə düşür. Azərbaycanın strateji qərar vermə qabiliyyəti Türkiyə və Rusiyanın atacağı son addımları müəyyən edəcək. Azərbaycan ya hər iki ölkəni bir-biri ilə daha da yaxınlaşdıracaq, ya da tərəflər öz geosiyasi durumlarının gərəyi addımlar atmağa məcbur olacaqlar. Hesab edirəm ki, Rusiyanın bundan əldə edəcəkləri itirəcəkləri ilə müqayisədə cüzi olacaq. Odur ki, Rusiya Türkiyə kimi ölkə ilə əldə etmiş yaxınlaşmanı soyuq müharibə halına keçirməyəcək, əməkdaşlığın ən azı bu səviyyədə saxlanması yolu ilə gedəcək".
Süleyman