Ulu öndər Heydər Əliyevin ana dilimizin qorunmasında danılmaz rolu
1 Avqust 2023 15:26 Siyasət"Dil hər bir xalqın milli -mənəvi sərvətidir. Əbəs yerə demirlər ki, bir xalqı məhv etmək istəyirsənsə, əvvəl onun dilini əlindən al, hətta bu gün tarixdə yaşamayan latın xalqı yalnız dilinin elm dili kimi mövcud olması sayəsində unudulmamışdır. Azərbaycan xalqının da belə bir əvəzsiz sərvəti vardır. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Ancaq bu gün qürurla səsləndirdiyimiz bu faktı təsdiqləmək uğrunda nə qədər mübarizələr aparılmışdır". Bunu "Olaylar"a açıqlamasında deputat Ülviyyə Ağayeva deyib. Onun sözlərinə görə, Azərbaycan dilinin ölkənin dövlət dili kimi elan edilməsində Azərbaycan xalqının ümummilli lideri ulu öndərimiz Heydər Əliyevin çox böyük xidmətləri olmuşdur. "Bəlli olduğu kimi, dövlət dili sahəsindəki fəaliyyətə Heydər Əliyev ölkəyə rəhbərliyə gəldiyi ilin ilk günlərindən başlamışdır. Həmin dövrlər İttifaq dövləti bəhanəsilə hər yerdə rus dilini vahid dövlət dilinə çevirmək, milli dilləri unutdurmaq siyasəti yürüdülürdü və belə bir şəraitdə ulu öndər böyük əzm göstərərək tarixi təşəbbüs irəli sürür: 27 aprel 1978-ci il tarixində Azərbaycan SSR Konstitusiyasına "Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir" maddəsi əlavə olunur. Halbuki SSRİ-nin 1977-ci ildə təsdiq edilmiş yeni Konstitusiyasında əvvəldən dövlət dili haqqında maddə yox idi. Ayrı-ayrı respublikalarda qəbul edilmiş konstitusiyaların heç birində həmin maddə öz əksini tapmamışdı. Ulu öndərin təşəbbüsü ilə Azərbaycan istisna təşkil etmişdi", - o qeyd edib.
Deputat əlavə edib ki, Azərbaycan dilinin dövlət dili kimi öz təsdiqini tapması uğrunda ardıcıl mübarizə aparan respublika rəhbəri həmin dilin konstitusiyada qeyd olunmamasına dözə bilməzdi: "O, SSRİ Konstitusiyası haqqında danışarkən xüsusi olaraq vurğulamışdır: "Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur". Respublikanın rəhbəri ziyalıları, bütün xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvəsi ilə mübarizə apardı və bütün çətinliklərə və maneələrə böyük hünərlə sinə gərdi. Azərbaycan SSR Dövlət və ictimai orqanlarında, maarif idarələrində və digər təşkilatlarda Azərbaycan dilinin işlədilməsini təmin edir və onun hərtərəfli inkişafına dövlət qayğısı göstərirdi.
1978-ci il Konstitusiyası, həqiqətən, Heydər Əliyevin öz dövləti, öz xalqı, öz vətəni qarşısında göstərdiyi böyük xidmət idi. Ancaq bu missiya yalnız sənəd üzərində gerçəkləşə bilməzdi. Bunun üçün Heydər Əliyev Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində müxtəlif vasitələrdən istifadə edirdi, dilimizin hərtərəfli inkişaf etdirilməsi və tarixi qədimliyini sübut etmək üçün dərin tədqiqatlara, hərtərəfli araşdırmalara ehtiyac olduğunu görən dövlət rəhbəri Azərbaycanın dilçi alimlərinə xüsusi diqqət və qayğı göstərmiş, bu sahənin mütəxəssislərinin səmərəli fəaliyyətləri üçün şərait yaratmış, milli dildə nəşr edilən kitab və jurnalların çap etdirilşməsinə geniş imkanlar yaratmış və bu sahədə bir sıra mühüm tədbirlərin təşkil edilməsinə göstərişlər vermişdir. Ümummilli lider müdrik uzaqgörənliklə ana dilinin dövlət dili olması uğrunda mübarizəyə ilk növbədə xalqın ziyalılarını səsləmişdi: ulu öndər yaxşı baha düşürdü ki, xalqı bu mübarizədə yalnız ziyalılarımız birləşdirə bilər. Bu fikirlər, amallar isə böyük vətən sevgisindən, ana dilinə olan məhəbbətdən irəli gəlirdi, bunlar da ümummilli liderin damarlarında axan qanla yoğrulmuşdu.
Heylər Əliyev bu amal uğrunda həmişə mübarizə aparmışdır. Dilin dövlət dili olması üçün həmin dilin daşıyıcılarının müstəqil dövləti olmalı idi. Bu dövlətin qurucusu da məhz ulu öndər Heydər Əliyev oldu. Müstəqil Azərbaycanın 1995-ci ildə ümumxalq referendumunda qəbul edilmiş yeni Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi öz layiqli yerini tutdu. Bundan sonra ana dilimizin inkişafı və qorunması daha da gücləndirildi. Bir-birinin ardınca fərmanlar imzalandı, qanunlar qəbul edildi.
Ana dilinə həmişə xüsusi diqqətlə yanaşan, dilimizin dərin bilicisi ulu öndər Heydər Əliyev 9 avqust 2001-ci ildə "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" fərman imzaladı. Həmin fərmanda deyilir: "On ilə yaxın bir müddətdə latın qrafıkalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqust ayında bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq qərara alıram: Hər il avqustun biri Azərbaycan Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunsun".
Bu fərman ulu öndərin hələ sovet dönəmində böyük cəsarətlə səsləndirdiyi ideyanın tarixi təsdiqi oldu. Bir əsrdə əlifbası dörd dəfə dəyişdirilmiş xalqımız, nəhayət ki, dili və əlifbasının mövcudlüğunu rəsmi olaraq təsdiq etdi və bu gün bütün tarixi sənədlərimiz, bütövlükdə müstəqil Azərbaycanın şanlı tarixi həmin əlifba ilə yazılır".