Bu gün Azərbaycan Dili və Əlifbası Günüdür

"Azərbaycan Respublikası 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra, SSRİ dönəmində məcbur qəbul edilmiş qərarlara yenidən baxılmasına başlandı. Belə qərarlardan biri əlifba ilə bağlı idi. 1939-cu ildə Sovet İttifaqı rəhbərliyinin qəti tapşırığı ilə Azərbaycanda latın qrafikalı əlifbadan kiril qrafikalı əlifbaya keçilmişdi. Müstəqillik bərpa edildikdən sonra yenidən latın qrafikalı əlifbaya keçilməsi təklifi irəli sürüldü". "Olaylar" xəbər verir ki, bunu millət vəkili, Milli Məclisin mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib: "1992-ci ildə latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi barədə Qanun qəbul olundu və 10 ilə yaxın iki əlifba mətbuatda paralel istifadə olundu - daha doğrusu, kiril əlifbası daha ağırlıqlı istifadə olunurdu. 2001-ci ildə isə latın qrafikalı Azərbaycan əlifbasına keçid, dövlət başçısının siyasi iradəsi və uzaqgörənliyi ilə qəti şəkildə başa çatdırıldı. 2001-ci il avqustun 1-də bütün respublika ərazisində kiril qrafikalı əlifbanın tətbiqi dayandırıldı. Azərbaycanın Ümummilli lideri Heydər Əliyev 2001-ci il avqustun 9-da hər il avqustun ayının 1-nin Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunması haqqında Fərman imzaladı.

Latın qrafikalı əlifbaya tam keçidi təmin edən, bu bayram gününü təqvimə salan Ümummilli liderimizi, dilimizin qorunması, saflığı və inkişafı yolunda xidmətləri olan bütün aydınlarımızı, elm, ədəbiyyat xadimlərimizi dərin sayğılarla yad edirik. Ruhları şad olsun. Bu əziz bayram günündə dilimizin keşiyində dayanan hər kəsi təbrik edir, onlara uğurlar diləyirəm!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31