Türk jurnalist Fransanın erməni siyasətini ifşa etdi – Avropa dəyərini itirir - VİDEO
1 Avqust 2023 14:26 Siyasət"Sizin vasitənizlə azərbaycanlı qardaşlarımızı salamlayıram. Bu yayımı da digər bir türk dövlətindən - Qazaxıstandan edirik. Bu da başqa bir gözəllikdir. Adım Əli Gədikoğludur. Bizim təşkilatımız Ədalət üçün Sülh və Bərabərlik Şurasıdır. Şura olaraq xüsusilə Avropada artan irqçilıik, ayrı-seçkilik, islamafobiya, bərabər hüquqlar və s. kimi məsələlərlə maraqlanırıq. Bu mövzularda müxtəlif görüşlər, tədbirlər təşkil edirik. Eyni zamanda, Avropadakı türklərin problemləri ilə maraqlanır, onları həll etməyə çalışırıq. Fransanın davranışlarına baxdıqda, dünyanın harasında olursa-olsun, hər bir türk ona qarşı cəbhə yarandığını görür, anlayır. Bunu istər Azərbaycan, istərsə də Türkiyə beynəlxalq məsələlərdə görür, hiss edirik".
Bu sözləri Bakupost.az -a video-müsahibəsində 40 ildir Fransada yaşayan "Cojep İnternational"ın sədri, həmçinin, "Mediatürk"ün İdarə Heyətinin sədri Əli Gədikoğlu deyib.
Onun sözlərinə görə, Fransada ermənilərə xüsusi münasibət, onları öz çətirləri altında saxlamaq cəhdi Avropanın demokratik dəyərlərinə ağır zərbə vurur:
"Erməni diasporu Fransa siyasətinə təsir edir. Onun Fransanın türk dünyası ilə bağlı siyasətində təsir vasitəsi olduğu kimi bir qənaət var.
Mənsə ermənilərin təsir vasitəsi kimi istifadə olunmasındna daha çox, onların Fransanın qoruması altında olduğunu düşünürəm. Ancaq Fransa İkinci Qarabağ müharibəsində onları xəyal qırıqlığına uğratdı. Ermənilər düşünürdü ki, bu müharibədə Fransa yanlarında olacaq. Ancaq belə olmadı. Sonradan Fransa hökuməti ermənilərin könlünü almaq üçün Azərbaycan əleyhinə qərarlar qəbul etdi".
Türk jurnalist bildirib ki, artıq Avropa dövlətləri türklərə münasibətini tamamilə dəyişməlidir:
"Çünki böyük bir coğrafyada məskunlaşan türklər dünyanın idarə olunmasında ciddi söz sahibidir. Bu gün Balkanlardan başlayaraq Altaya, Tanrı dağlarına qədər şimalda, cənubda türklər, böyük bir türk dünyası var. Bu dünyanın siyasi, iqtisadi gücü, potensialı artır. Fransanın bu dünya ilə əlaqələr qurmasının onun leyinə olacağını düşünürəm. Biz 30 ildən çoxdur ki, Fransada bunun mübarizəsini aparır, sivil cəmiyyət üçün çalışırıq".
Əli Gədikoğlu Avropa dövlətlərinin, xüsusilə Fransanın son illər apardığı siyasətin Avropa dəyərlərinə zərbə vurduğundan təəssüfləndiyini də deyib:
"Avropa artıq örnək olmaq imkanını itirir. İstər demokratiya, istərsə də dini və milli kimlik baxımından. Mən bundan çox təəssüflənirəm".
Tanınmış jurnalist Azərbaycan diasporunun fəaliyyətinə də toxunub. O bildirib ki, Azərbaycan hökuməti vətəndaş cəmiyyəti instututlarına ciddi önəm verməlidir.

