Dünyada heç bir xalq Qərbi Azərbaycanda yaşayan soydaşlarımız kimi ağır məhrumiyyətlərə məruz qalmayıb - ÖZƏL
26 İyul 2023 12:12 Siyasət"Dünyada heç bir xalq Qərbi Azərbaycanda yaşayan azərbaycanlılar kimi ağır məhrumiyyətlərə məruz qalmayıb, son 200 ildə rus imperiyasının tarixi torpaqlarımız olan Qərbi Azərbaycanda yaratdığı indiki Ermənistan adlı dövlətin amansızlıqlarını yaşamış, 4 dəfə deportasiyaya məruz qalmış, öz dədə-baba yurdundan zorla çıxarılmışıq. Ermənilər Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, 30 minə yaxın evi dağıdıb və yandırıb, qoca, uşaq və qadınların da daxil olduğu 140 min insanı vəhşicəsinə qətlə yetirib, 750 mindən artıq azərbaycanlı Qərbi Azərbaycandan didərgin salınıb". "Olaylar" xəbər verir ki, bunu deyən vəkil Rövşən Qasımovun sözlərinə görə, sonuncu deportasiyada 1988-ci ildə isə 220 mindən artıq azərbaycanlı erməni vəhşiliyinə tab gətirə bilmədiyindən doğma yurd-yuvalarını tərk edib: "Bundan sonra ermənilər Qərbi Azərbaycandan azərbaycanlıların izini itirmək məqsədilə buradakı qəbiristanlıqları, tarixi mədəni abidələri, dini müəssisələri, məktəb, xəstəxana və digər binaları darmadağın edib. Ermənilər deportasiya planını həyata keçirməzdən əvvəl bunun üçün xüsusi siyasət yürüdüb. Azərbaycanlılar isə həmin vaxtlarda ermənilərin bu iyrənc siyasətinin arxasında duran məqsədləri dərk etməyib. Çar Rusiyası tərəfindən İrəvana köçürülən ermənilər əvvəlcə məskunlaşdıqları kənd, rayon, qəsəbə, dağ-dərə, mahal və digər yerlərin adlarını dəyişərək erməniləşdiriblər. Bu ərazidə olan azərbaycanlı adlarını öz adları ilə əvəzləyiblər. O vaxt Qərbi Azərbaycanın-indiki Ermənistanın 34 rayonunun adı dəyişdirilib. Hazırda Qəmərli-Artaşat, Arpaçay-Axuryan, Kəvər-Kamo, Basarkeçər-Vardenis, Allahverdi-Tumanyan, Aşağı Qaranlıq-Martuni, Qarakilsə-Sisian, Hamamlı-Spitak kimi dəyişdirilərək erməniləşdirilib".