Prezident İlham Əliyev Marianna Vardinoyannisin ailəsinə başsağlığı verib

Prezident İlham Əliyev görkəmli ictimai xadim Marianna Vardinoyannisin vəfatı ilə əlaqədar mərhumum ailəsinə başsağlığı məktubu göndərib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Marianna Vardinoyannisin vəfatından dərin kədərini ifadə edərək, onun insanlıq və bəşəriyyət naminə nəcib əməlləri, bəşəri dəyərlərin təşviqi, çoxşaxəli humanitar və xeyriyyəçilik fəaliyyəti ilə dünyada böyük nüfuz və ehtiram qazandığını vurğulayıb.

Məktubda deyilir: "Yüksək insani keyfiyyətləri özündə cəmləşdirən Marianna Vardinoyannis Azərbaycanın əsl dostu idi. Onun Azərbaycan və Yunanıstan xalqları arasında dostluq əlaqələrinin inkişafında böyük xidmətləri var idi. Məhz buna görə o, Azərbaycan Respublikasının "Dostluq" ordeni ilə təltif olunmuşdur".

Azərbaycan Prezidenti bildirib ki, bütün həyat və fəaliyyətini uca amallara həsr etmiş səmimi və xeyirxah insan Marianna Vardinoyannisin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.

Birinci vitse-prezident Mehriban Əliyeva da Marianna Vardinoyannisin ailəsinə başsağlığı məktubu ünvanlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31