Böyük Qayıdış proqramının icrası üçün maliyyə resursları səfərbər edilib

"Ölkəmiz demək olar ki, işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulması işlərinə köklənib. Qarabağın və Şərqi Zəngəzurun bərpası prosesi mərhələlərə bölünüb. Böyük Qayıdış Proqramı qəbul edilib". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Məşhur Məmmədovun sözlərinə görə, proqramın icrası üçün maliyyə resursları səfərbər edilib: "Bu günə qədər infrastruktur və şəhərsalma məqsədləri üçün ilin sonuna qədər nəzərdə tutulan xərclər təqribən 7 milyard ABŞ dollarına bərabər olacaq. Birinci mərhələdə bizim əsas vəzifəmiz 8 şəhəri və 100 kəndi yenidən qurmaqdır. Cənab Prezident üçün prinsipial məsələ işğaldan əziyyət çəkən 1 milyon insanın öz dədə-baba torpaqlarına qayıtmasıdır. Növbəti beş il ərzində azad edilmiş bütün şəhərlərdə artıq insanlar yaşayacaqlar. Amma şəhərlərin inkişaf planı daha genişmiqyaslıdır. Ermənistanla münasibətlərin tənzimlənməsində biz sülh müqaviləsinin imzalanmasına nail olsaq, bu, ümumiyyətlə, Cənubi Qafqazda vəziyyəti sağlamlaşdıracaq və Cənubi Qafqazı yüksək risk zonasından çıxarmış olacaq. Yüksək risk zonası təkcə ekspertlərin qiyməti deyil, bu, həmçinin reytinqlərdir, kreditlənmə imkanlarıdır. Bunlar birbaşa olaraq xarici sərmayələrlə bağlı məsələdir. İnvestorlar, ilk növbədə, potensial və mümkün riskləri nəzərə alırlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31