İlham Əliyev Ermənistanın havadarlarına da xəbərdarlıq mesayları verdi - ÖZƏL
25 İyul 2023 12:06 Siyasət"Böyük Zəfərimizdən keçən qısa bir zaman kəsiyində Şuşa şəhərinin bir neçə dəfə mədəni, siyasi və intellektual hadisəyə ev sahibliyi etməsi, şübhəsiz ki, Azərbaycanın böyük uğurudur. Bu o deməkdir ki, Azərbaycan uzun illərdən bəri Ermənistan, erməni diasporu və onların çoxsaylı himayədarlarının cəhdlərinə baxmayaraq, öz danılmaz haqqının bütün dünyada qəbul edilməsinə nail olub". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Anar Məmmədovun sözlərinə görə, artıq erməni yalanları ayaq tutub yeriyə bilmir: "Çünki müzəffər ordumuz erməni yalanlarını da, qondarma iddialarını da darmadağın edib və onları öz gerçək obrazları və saxta tarixləri ilə qarşı-qarşıya qoyub. Bu xüsusda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının vacibliyi Prezidentin çıxışında yer alan mühüm məqamlar sırasında idi. Dövlətimizin başçısı qeyd etdi ki, sülh müqaviləsinin imzalanması bütün regionda sabitliyin və təhlükəsizliyin təmini baxımından mühüm əhəmiyyətə malikdir".
Onun sözlərinə görə, dövlət başçısının çıxışında Ermənistan və havadarlarına ismarıclar da vardı və onlar bundan nəticə çıxarmalıdırlar: "Prezident həmçinin məğlub Ermənistana, onun havadarlarına və separatçı qüvvələrə xəbərdarlığını ünvanladı. Cənubi Qafqazın inkişafı əsasən Azərbaycanla Ermənistan arasında münasibətlərin yaxşılaşmasından asılıdır. Hazırda bütün beynəlxalq təşkilatlar normallaşma prosesində həllin beynəlxalq hüquqa əsaslandığını anlayırlar. Əgər Ermənistan Azərbaycana qarşı hər hansı ərazi iddialarından imtina etsə, sülh sazişinin ilin sonuna qədər imzalanması kifayət qədər mümkündür. Sülh olmasa, bu, regiona sabitlik, təhlükəsizlik bəxş etməyəcək".