Separatçı rejimin hansısa perspektivlərə ümidləri əsassızdır - ÖZƏL
25 İyul 2023 10:28 Siyasət"Qarabağda yaşayan erməni əhalisinin təhlükəsizliyinin təminatı və onların Azərbaycan cəmiyyətinə inteqrasiyası ilə bağlı Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər olduqca əhəmiyyətlidir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Kamaləddin Qafarovun sözlərinə görə, hər kəs bilməlidir ki, Qarabağda yaşayan erməni əhalisinin təhlükəsizlik baxımından ən böyük təminatları məhz elə onların Azərbaycan ictimaiyyətinə inteqrasiyası ola bilər: "Yalnız bu yolla Qarabağın erməni sakinləri xalqı əsarətdə saxlayan, qul kimi istismar edən və hər an öz ambisiyalarına qurban verməyə hazır olan xunta rejiminin girovluğundan azad ola bilərlər. Prezident İlham Əliyev II Qarabağ savaşı başa çatdıqdan sonra ötən dövr ərzində bir neçə dəfə yüksək humanistlik nümayiş etdirərək onlara bu şansdan yararlanmaq üçün unikal imkanlar verib. Lakin bu gün qarşı tərəfdən adekvat addımların atıldığını, təəssüflər olsun ki, hələ də görə bilmirik. Separatçı rejimin hansısa perspektivlərə ümidləri, əlbəttə ki, boş və əsassızdır. Fərrux əməliyyatı, 2021-ci ilin mayında Ermənistan-Azərbaycan sərhədində yaranmış vəziyyət, 2022-ci ilin sentyabrında sərhəddə baş vermiş hadisələr, Laçın-Xankəndi yolunda qurulmuş nəzarət-buraxılış məntəqəsi - bütün bunlar birmənalı olaraq Xankəndində oturan rejimin yalnız Azərbaycan buna dözdüyü müddətdə mövcud olacağını açıq-aydın göstərir. Buna görə də, Qarabağın erməni əhalisi öz gələcəklərini təmin etmək üçün yalnız mövcud olan yeganə doğru yolu seçməli, Azərbaycan qanunlarına tabe olmalı və çoxmillətli, çoxkonfessiyalı dövlətimizin bütün vətəndaşlarına, o cümlədən bütün milli azlıqlara təqdim etdiyi bərabər hüquq və təhlükəsizlik təminatından istifadə etmək şansını əldən buraxmamağa çalışmalıdır".