İlham Əliyevin çıxışının mahiyyətində regionun gələcəyi ilə bağlı hədəflər dayanırdı
24 İyul 2023 20:41 Siyasət"Dövlət başçısı İlham Əliyevin tapşırığına əsasən "Heydər Əliyev İli" çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda keçirilən Şuşa Qlobal Media Forumunda 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu iştirak etdi. Həmçinin Foruma 60 yerli media rəhbəri və nümayəndəsi qatıldı".
"Olaylar"ın məlumatına görə, bunu deyən millət vəkili Malik Həsənovun sözlərinə görə, iştirakçıların, həmçinin onların təmsil etdikləri ölkələrin say tərkibi tədbirin beynəlxalq əhəmiyyəti barədə aydın təsəvvür yaradır? "Cənab İlham Əliyevin forumdakı çıxışı, iştirakçıların çoxsaylı suallarına cavabı bir daha tarixi həqiqətlərimizin, postmünaqişə dövrünün reallıqlarının, müasir dövrün çağırışlarının və onların düzgün cavablandırılması yollarının təqdimatı oldu. Dövlət başçısı İlham Əliyevin çıxışının mahiyyətində Azərbaycanın, regionun gələcəyi ilə bağlı hədəflər dayandı. Ölkə Prezidenti bildirdi ki, prinsip etibarilə strateji inkişaf istiqamətləri bir çox illər bundan əvvəl müəyyən edilmişdir. Yeganə məqam odur ki, həyat öz dəyişikliklərini əlavə edir və dəyişən reallıqları planlarımıza inteqrasiya etməli oluruq. İşğal altındakı ərazilərin azad olunmasından sonra sosial-iqtisadi məsələlər ön planda dayanır. Çünki Azərbaycanda siyasi proseslər düzgün istiqamətdə gedir. Cəmiyyətdə gələcəyimizin əsas məsələləri üzrə konsensus var. Bu mühüm məqam da xüsusi qeyd edildi ki, Ermənistanla münasibətlərin tənzimlənməsində sülh müqaviləsinin imzalanmasına nail olsaq, ümumiyyətlə, Cənubi Qafqazda vəziyyət sağlamlaşacaq və yüksək risk zonasından çıxmış olacaq. Münasibətlərin normallaşması həm Azərbaycan, həm də Ermənistan iqtisadiyyatı üçün daha genişmiqyaslı planların gerçəkləşdirilməsinə imkan verəcək".