Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması istiqamətində ciddi addımlar atılır- ÖZƏL

"Mətbuat özlüyündə cəmiyyətin aynası, ictimai şüurun, mənəviyyatın inikasıdır. Bu baxımdan Azərbaycan milli mətbuatı tarixinin ilk səhifələrindən həm də milli-mənəvi dəyərlərimizin daşıyıcısı, fəal təbliğatçısı və qoruyucusu kimi məsul bir missiyanı da yerinə yetirib. Həsən bəy Zərdabinin fəaliyyəti bu baxımdan böyük örnəkdir. Zərdabi 1873-cü ildə peşəkar milli teatrımızın yaranmasında, ilk teatr tamaşasının hazırlanmasında yaxından iştirak etmişdi. O, mütəfəkkir bir ziyalı kimi xalq yaradıcılığına dərindən bələd idi, folklor musiqi nümunələrimizi toplayır, "Əkinçi" qəzetində dərc etdirir, həmçinin dövrün ziyalılarını bu təşəbbüsə qoşulmağa çağırırdı. "Əkinçi" fəaliyyətini dayandırandan sonra da Zərdabi bu yöndə fəaliyyətini davam etdirirdi və 1901-ci ildə ilk dəfə "Türk nəğmələri məcmuəsi"ni nəşr etdirərək bu zəngin mənəvi xəzinəmizin qorunub saxlanmasına töhfəsini verdi". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Tamam Cəfərovanın sözlərinə görə, bu gün  Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması istiqamətində ciddi addımlar atılır, bu sahənin inkişafı ilə bağlı bir sıra uğurlu layihələr həyata keçirilir: "Söz və mətbuat cəmiyyətin və dövlətin demokratik inkişaf göstəricisi kimi qəbul olunur. Kütləvi informasiya vasitələri, qəzetlər, jurnallar, teleradiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətdə ictimai fikri və sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirir.
Respublikamızın ictimai-siyasi, sosial-iqtisadi həyatında demokratik dəyərlərin daha geniş şəkildə bərqərar olması, müstəqil dövlətçiliyin siyasi, iqtisadi və hüquqi dayaqların möhkəmlənməsi prosesi sürətləndikcə, Azərbaycan dövləti söz və mətbuat azadlıqlarının qanunvericilik bazasının demokratikləşdirilməsi istiqamətində yeni-yeni addımlar atır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31