AKP-nin səriştəsi və imkanları çoxdur- ÖZƏL

"Türkiyənin İstanbul şəhərində zəlzələ olacağı ilə əlaqədar ciddi hazırlıqların başladığı deyilir. Hesab edirəm ki, bu, gələn il keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq kampaniyasının tərkib hissəsidir". "OLAYLAR" xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, böyük şəhərlərdə İstanbul, Ankara, İzmirdə qalib olmuş CHP üzvlərinin fəaliyyətindən narazılıq müşahidə olunurdu: "AKP seçkilərdə qalib olmaq üçün indidən fəaliyyətə başlayıb. Zəlzələ hazırlığı ən böyük şəhər olan İstanbulda qalib olmağın yoludur. Məsələ ondadır ki, İstanbul əhalisi təhlükəsizliyini təmin etmək üçün CHP-li bələdiyyədən ciddi iş tələb edəcək. Amma onların belə bir potensialı yoxdur. Bunun üçün dövlətin, yəni AKP-nin gücü lazımdır. Bu zaman əhali iş görə bilməyən CHP-li bələdiyyə üzvünün getməsini istəyəcək ki, AKP-li üzv seçilsin və onlar zəlzələyə qarşı İstanbulda ciddi işlər görə bilsinlər". Azər Qasımov deyib ki, həqiqətən də, AKP-nin bu işlərdə səriştəsi və imkanları çoxdur: "CHP-li bələdiyyələr isə bu şəhərlərdə normal idarəçilik sərgiləyə bilmirlər, şəhər infrastrukturu hər ciddi təbii hadisədən sonra iflic vəziyyətinə düşür, AKP-nin yaratdıqları da dağıdılır. 
Hesab etmək olar ki, gələn il seçkiyə kimi İstanbulda zəlzələ məsələsi daha çox qabardılaraq insanların fikirlərində dəyişiklik etmək olacaq. Bu da AKP-li namizədin seçilməsinə gətirib çıxaracaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31