Brüssel formatı məhsuldar oldu ÖZƏL
20 İyul 2023 13:20 Siyasət"Brüssel görüşü bu formatda sayca altıncı olsa da, müzakirə olunan məsələlərdə forma və məzmunca yeniliklərə görə əvvəlki görüşlərdən xeyli dərəcədə fərqlənir. Bu dəfəki Brüssel görüşü daha çox nəticəyönümlü olmağı ilə seçildi. Müzakirə olunan məsələlərə daha konkret baxışlar keçirildi. Brüssel formatının özəlliklərindən biri də onun tam şəkildə Vaşinqton formatı ilə eyniyyət təşkil etməsi oldu. Brüsseldə aparılan müzakirələr Vaşinqton görüşünün davamına çevrilir. Prinsipcə bir-birini tamamlayırlar. Bu, əks qütbdə olan Moskva formatına qarşı daha güclü cəbhənin formalaşmasına imkan verir. Qarabağ münaqişəsinin həllindən sonrakı problemlərin aradan qaldırılmasında Brüssel-Vaşinqton və Moskva formatı zahiri cəhətdən bir-birinə oxşasalar da, mahiyyətcə kəskin şəkildə fərqlənir. Sirr deyil ki, Rusiya həll yolunu istədiyini göstərsə də, problemin həllində maraqlı deyil. Bugünki hadisələr də göstərir ki, Moskvanın indiyə qədər olan səyləri Qarabağ probleminin həllinə yox, dondurulmasına və uzadılmasına yönəlib. Brüssel formatı isə Azərbaycan-Ermənistan arasında olan problemləri qətiyyətlə və mümkün qədər tez həlli yolunu ortaya qoyur".
Olaylar.az xəbər verir ki, bunu açıqlamasında politoloq Aydın Quliyev deyib.
"Bu da Moskvanı tələsdirməyə bilməz. Moskva açıq şəkildə Brüsseldə gedən müzakirələrdən qıcıqlandığını nümayiş etdirdi. Nəticədə 15 iyulda məlum bəyənatı səsləndirdi. Brüssel müzakirələrində forma və mahiyyətcə yeni olan məsələlər var. İlk dəfə idi ki, Brüsseldə Qarabağ ermənilərinin Azərbaycan Konstitusiyası çərçivəsində hüquq və təhlükəsizliyinin təmin olunması mövzusu müzakirə olundu. Bu, olduqca əhəmiyyətlidir. İndiyə qədərki görüşlərdə həm bu dərəcədə konkretlik olmurdu, həm də Qarabağ erməniləri ilə bağlı müxtəlif tezislərə rast gəlinirdi.
İkinci böyük yenilik Bərdə-Ağdam yolunun Qarabağ ermənilərinin təminat yolu kimi müzakirəyə çıxması oldu. Bəllidir ki, Laçın yolunda ermənilər təxribat törədir, yolu təyinatına uyğun istifadə etmir. Bu indiyə qədər Azərbaycanın gündəmi idi. Artıq, Brüssel gündəliyinə də daxil edilib.
Fikrimcə, üçüncü böyük yenilik qanunsuz erməni birləşmələrinə qarşı olan məsələdir. Qanunsuz erməni birləşmələrinin təkcə ölkədən çıxarılması yox, tərksilah edilərək çıxarılması masaya qoyuldu. Həmin silahlar Azərbaycan dövlətinə təhvil verilməlidir. Digər məsələ Qırmızı Xaç Komitəsinin avtomobillərindən qaçaqmalçılıq üçün istifadə olunması faktları ilə bağlıdır. Bu, məsələ Azərbaycanın Laçın yolunu bağlamasında əsas səbəblərdən biri oldu. Artıq, özləri də bunu təsdiq ediblər.
Qərbi Azərbaycan məsələsini başqa müstəvilərdə görmüşük. Bu dəfə artıq Brüsseldə beynəlxalq müzakirə mövzusuna çevrilmiş oldu. Bir sözlə, Brüssel formatı məhsuldar oldu. Moskvanın qıcıqlanmasının özü də bu görüşün nə qədər əhəmiyyətli olduğuna sübutdur".