Revanşistlər sülh prosesini pozmağa cəhd edirlər

Ermənistanla Azərbaycan arasında sülh  sazişinin imzalanması istiqamətində danışıqlar prosesi intensivləşdikcə və tərəflər arasında mövqelərdə yaxınlaşma olan kimi,  revanşistlər və hələ də "erməni xəstəliyi"ndən xilas ola bilməyənlər sülh prosesini pozmağa cəhd edirlər. Biz bunun Vaşinqton və Brüssel görüşündən  sonra da müşaiət etməkdəyik. Millət  vəkil  Kamran  Bayramov  qeyd edib ki, bəzi xarici qüvvələr də Cənubi Qafqazda dayanıqlı sülhün yaranmasını istəmədiyindən həmin revanşistlər və "erməni xəstəliyi"ndən xilas ola bilməyənlərə dəstək verərək, onları  təxribatlara sövq edirlər: "Son günlərdə Xankəndidə və İrəvandakı etiraz aksiyalarına cəhdlər bunun göstəricisidir. Bu cəhdlərə baxmayaraq, artıq  keçirilən aksiyalar  geniş ictimai dəstək qazanmır. İrəvanda keçirilən aksiyada barmaqla sayılacaq qədər insan iştirak etdi. Xankəndidə də  bütün resurslar cəlb edilsə də, çox az adam aksiyalara çıxıb  terrorçu-quldur dəstəsinin aksiyasına qoşulub".  Deputat əlavə edib ki, hətta terrorçubaşı Araik Arutyunyan və onun ən yaxın ətrafı aksiyaya çıxsa belə nəinki dünya birliyi, heç ermənilər belə onlara dəstək vermədi: "Bir həfətəyə yaxındır Xankəndidəki irredentistlər aksiya keçirməkdədir və yayılan videolardan da aydın görünür ki, çox az adam iştirak edir. Artıq Qarabağdakı ermənilər də yorulub, ümidsizlik içərisindədirlər. Yaxşı bilirlər ki, bunun sonu yoxdur.  Sadəcə orada kök salmış terrorçu-quldur dəstəsinin əlində girov olduqlarından onlara qarşı ciddi müqavimət göstərib, öz gələcək talelərini müəyyənləşdirə bilmirlər. Amma buna belə terrorçulara da dəstək vermirlər, daha çox seyrçi mövqedədirlər. Hətta bir çoxu özündə cəsarət tapıb Azərbyacan vətəndaşı olmaq istədiyini açıq bəyan edir. Bu proses getdikcə daha da sürətlənəcək. Onların başqa yolu yoxdur. Yaranmış durumun çıxılmazlığını irredentist qüvvələrin başçıları da yaxşı  başa düşür. Araik Arutyunyan açıq şəkildə bəyan edib ki,  nə beynəlxalq aləm, nə də  rəsmi İrəvan Xankəndində baş verən proseslərə diqqət yetirmir. Ona görə də vəziyyət çox mürəkkəb və çıxılmazdır. Onlar anlamalıdırlar ki, bundan sonra  nə hər hansı beynəlxalq birlik, nə kənar güclər onlara dəstək verə bilməycək. Qarabağ problemi bitib və orada yaşayan erməni icmasının problemi Azərbaycanın daxili məsələsidir, kimsənin bu məsələyə müdaxiləsinə imkan verməyəcək. Bu, Bakının müəyyən etdiyi "qırmızı xətti"dir. Beynəlxalq aləm də nəinki Azərbaycanın bu  şərtini qəbul edib, həm də tələbin icrasının yerinə yetirilməsinə öz töhfəsini verməyə çalışır. Ümumiyyətlə beynəlxalq aləm Azərbaycanın Cənubi Qafqazda beynəlxalq hüququn norma və prinsiplərinə uyğun ədalətli, dayanıqlı  sülhün yaranması üçün irəli sürdüyü sülh şərtlərini qəbul edir və danışıqlar prosesi də ancaq bu şərtlərə uyğun davam etdirilir. Vaşinqton, Kişinyov, Brüssel görüşləri bunun bariz nümunəsidir. Danışıqlarda sülh gündəliyini müəyyən edən Azərbaycandır.

Bildiyiniz kimi,  hətta son Brüssel görüşündə Azərbaycanın sülh şərtləri ilə yanaşı, Qərbi Azərbaycan torpaqlarından didərgin düşən soydaşlarımızın öz yurdlarına qayıtması, Qarabağın erməni icmasının Bakı ilə dialoqa getməsi, orada yaşayn erməni icmasının tələbatını ödəmək üçün  Ağdamdan Xankəndiyə yolun açılması kimi məsələlər müzakirə edilərək dəstəklənib. Məhz görüşdən sonra Aİ Şurasının rəhbəri Şarl Mişel açıq şəkildə Qarabağın erməni icmasının Bakı ilə dialoqa gedib, Azərbaycan tərkibində yaşamasını və Ağdam Xankəndi yolunu dəstəkləyib, erməniləri buna təşviq edən bəyanatla çıxış edib. Ondan sonra Aİ-nin Cənubi Qafqaz üzrə  xüsusi nümayəndəsi Klaar da  Qarabağın erməni icmasının Azərbaycanla  və Ağdam-Xankəndi yolunun açılmasını gündəmə gətirib. Ümumiyyətlə bu gün ABŞ başda olmaqla Qərb Qarabağdakı erməni icmasının Azərbaycanın tərkibində yaşamasını dəstəkləyir.

Azərbaycan tərəfi də həmin erməni icmasının təhlükəsizliyinə və normal həyatını davam etdirməyə təminat verir.  Bölgədə sülhü istəməyən bəzi qüvvələr gərginliyin davam etməsi üçün erməni kartından faydalanmağa çalışır. Amma bunun da nəticəsi olmayacaq. Ona görə də  terrorçu-quldur dəstəsinin və onlara dəstək verən  qüvvələrin bölgədə sülhü pozmağa yönəlik təşkil etdiyi təxribat cəhdləri və  "ucuz şoular" iflasa uğrayacaq. Biz bunu son günlərdə baş verən hadisələrdə bariz şahidi olmaqdayıq. Bir daha qeyd edirəm ki, onlara kimsə dəstək vermir.  Bu  cür "ucuz şoular" ancaq sülh  prosesinin imzalnma tarixini uzada bilər. Sülh sazişinin imzalanmasının uzanmasından isə əziyyət çəkən yenə ermənilər özləri olacaq.

Azərbaycanın qarşı tərəfi  məcburi sülhə vadar edəcək gücə və qüdrətə malikdir.  Sadəcə səbr nümayiş etdirib, danışıqlar yolu ilə həll etməyə çalışır. Zaman isə ermənilərin ziyanına, beynəlxalq aləmdə təklənməyinə və zəifləməsinə xidmət edir. Bir sözlə sülh sazişinin imzalanmasının uzanmasından itirən tərəf olacaqsa, o da erməni dövlətçiliyi və erməni xalqı olacaq. Odur ki, ermənilər "şıltaqlığa" son verib, vəziyyəti düzgün təhlil edib, buna uyğun addım atsalar yaxşı olar".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31