"Brüssel platforması Moskva və Vaşinqtonda olan söhbətləri bir araya gətirməklə fərqlənir"- ÖZƏL
20 İyul 2023 11:28 Siyasət"Brüssel görüşü artıq 6-cı görüş idi. Yəni bu görüşün üstün tərəfləri Vaşinqton və Moskva platformasından fərqli olaraq Brüssel platformasında Azərbaycan və Ermənistan tərəfi nisbətən siyasi cəhətdən daha irəliyə addımlar atdılar. Çünki, artıq Şarl Mişel Azərbaycanın ərazi bütövlüyünü qəbul etməklə bərabər, əsas məsələlərdən biri Azərbaycanın erməni vətəndaşlarının hüquqları, yəni onlara təminat verilməsi məsələsi gündəmə gətirib. Azərbaycan tərəfi də onsuz da bunu əvvəlcədən bəyan edib ki, Azərbaycan Konstitusiyasının müddəalarına uyğun olaraq Azərbaycan ərazisində yaşayan hər bir vətəndaş dövlətin sosial təminat nəzarətindədir və eyni zamanda dövlət öz vətəndaşını müdafiə edir. Çünki Milli Təhlükəsizlik Konsepsiyasında da Azərbaycanın dövlətlə bərabər vətəndaşlarının da təhlükəsizliyini təmin etməsi məsələsi gündəmdədir".
Bu sözləri Olaylar.az-a politoloq Cümşüd Nuriyev deyib:
"Ona görə də Brüssel platforması həm Moskva, həm də Vaşinqton platformasında olan söhbətləri bir araya gətirməklə fərqlənir və burada daha çox konkretlik var. Maraqlıdır ki, Ermənistan tərəfi də Moskva və Vaşinqton platdormasından daha çox Brüssel platformasını qəbul edir. Düzdür, orada qəbul olunan qərarları aksiya keçirməklə təxribata çəkmək istəyirlər, xüsusilə Arayik Harutyunyan və əldəqayırma bir parlamentin sədri. Bunlar hamısı Moskvanın adamlarıdır və Moskvanın tapşırığı ilə bu işləri edirlər. İşləməyən yolu bağlamaq özü də bir ağılsızlıqdır. Çünki Ağdam-Xankəndi yolu işləmir. Ona görə də orada məhz razılığı verilən məsələlərdən biri də Ermənistan Laçın üzərindən deyil, Beynəlxalq Qırmızı Xaç komitəsi Ağdam-Xankəndi yolu ilə humanitar yardımı çatdıra bilər. Bu da erməniləri bir qədər aqressivləşdirib. Amma 30 ilə yaxın bu məsələlərin hamısını görmüşük və kifayət qədər ikili standartla yanaşmaları görmüşük. Ona görə Ermənistan biraz düşünsə, yaxşı olar".