Ermənistan revanşistlərə, erməni diasporasına arxayın olmamalıdır- ÖZƏL
20 İyul 2023 11:19 Siyasət"Cari ilin iyulun 15-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilmiş görüşün yekunlarını təhlil edərkən qeyd etmək olar ki, sərhədlərin delmitasiyası 1991-ci ildə imzalanmış Almata Bəyannaməsinə uyğun olaraq həyata keçiriləcək". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili, Milli Məclisin komitə sədri Hicran Hüseynovanın sözlərinə görə, artıq bu sahədə işlər başlanılıb: "Bununla da, bir daha təsdiq olundu ki, Azərbaycan öz suveren sərhədlərində qurduğu Laçın buraxılış məntəqəsinin fəaliyyəti beynəlxalq hüquqa və ölkələrin ərazi bütövlüyü prinsipinə tam uyğundur. Görüş zamanı həmçinin kommunikasiyaların bərpası və eləcə də Zəngəzur dəhlizinin istifadəyə verilməsi məsələsi müzakirə olunub. Bu da çox mühüm məsələdir ki, hətta Avropa İttifaqı dəmiryolu əlaqəsinin bərpası üçün maliyyə yardımına hazırdır. Deməli, Ermənistanın gətirdiyi bəhanələrdən biri olan maliyyə vəsaitinin çatmazlığı məsələsi aradan qalxır. Və biz ümid edirik ki, yaxın zamanlarda Azərbaycan əsas ərazisi ilə Naxçıvan yenidən quru nəqliyyat vasitəsi ilə birləşə bilər. Artıq dəfələrlə prezident İlham Əliyev bəyan edib ki, Zəngəzur dəhlizi bölgə ölkələri, dövlətləri üçün yeni imkanlar yaradır. Bu Ermənistan üçün də yeni imkanlar deməkdir. Ermənistan dalan ölkədir, müstəqil iqtisadi siyasəti yoxdur. O, revanşistlərə, erməni diasporasına, müxtəlif qüvvələrə arxayın olmamalı, yaranmış reallığı düzgün qiymətləndirib, doğru qərarlar qəbul etməlidir".