Ağalıya qayıdış Qarabağa, işğaldan azad edilmiş ərazilərimizə qayıdışın ikinci mərhələsi idi

İkinci Qarabağ müharibəsində əldə etdiyimiz tarixi zəfərdən sonra qarşıda duran növbəti hədəf, məqsəd düşməndən azad edilən ərazilərimizdə quruculuq-abadlıq işlərinin aparılması, şəhər və rayonlarımızda infrastrukturun yaradılması, bunun ardınca isə məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasını təmin etmək idi. Ancaq müharibə vəziyyətindən çıxmış bir ölkə üçün bunu qısa zamanda həyata keçirmək mümkün görünmürdü. Hətta bəzi yerli, eləcə də beynəlxalq ekspertlər iddia edirdilər ki, torpaqların işğaldan azad edilməsi prosesindən sonra şəhər və kəndlərimizə həyatın qaytarılması, həmin ərazilərdə infrastrukturun yaradılmasına on illərlə vaxt sərf ediləcək. Lakin Azərbaycan dövləti gücü, qüdrəti hesabına bütün xəyalları gerçəyə çevirdi, Beləliklə, müharibədən yeni çıxmış bir ölkə dünyanı belə şoka sala, heyrətləndirə biləcək işə imza atdı. Zəngilan rayonunun Ağalı kəndində müasir, yeno infrastruktur yaradaraq məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıdışının təməlini qoydu. Əslində bu qayıdışın təməli Cocuq-Mərcanlı ilə qoyulmuşdu. Ağalı isə Qarabağa, işğaldan azad edilmiş ərazilərimizə qayıdışın ikinci mərhələsi idi. Bu mərhələ daha yadda qalan, daha qürurverici idi. Çünki artıq məcburi köçkünlər hansısa kəndə, qəsəbəyə deyil, ümumilikdə Qarabağa qayıdırdılar.

Milli Məclisin deputatı İqbal Məmmədov sözügedən tarixi hadisə ilə bağlı fikirlərini bölüşərkən deyib ki, İkinci Qarabağ müharibəsindən keçən il yarım ərzində Ağalı kəndində müasir standartlara uyğun yaşayış kompleksinin yaradılması, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması Azərbaycan dövlətinin, onun qətiyyətli rəhbəri Cənab İlham Əliyevin uğurla həyata keçirdiyi sosial-iqtisadi siyasətin göstəricisi idi. Onun sözlərinə görə, işğaldan azad olunmuş bütün şəhər və rayonlarımız tezliklə Ağalı kəndi kimi abadlaşacaq. Çoxları üçün qısa müddətdə Ağalıda belə bir şəraitin yaradılması xəyal kimi görünsə də, lakin Cənab Prezident xəyalları gerçəkliyə çevirə bildi. Necə ki, 2003-cü ildən ölkəyə rəhbərlik edən Cənab İlham Əliyev bu günə qədər verdiyi bütün vədləri yerinə yetirib, eləcə də Ağalı kəndi ilə bağlı qarşısına qoyduğu məqsədi uğurla reallaşdırdı".

Millət vəkili bildirib ki, 30 illik işğal dövründə şəhər və rayonlarımızda daşı daş üstündə qoyulmayan, hər qarışı dağıdıb xarabalığa çevrilən yerlərdə quruculuq-abadlıq işlərinin aparılması, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasının on illərlə vaxt alacağı iddia edilsə də, Azərbaycan dövləti və onun müzəffər Ali Baş Komandanı, prezidenti bu nəticəni cəmi il yarıma əldə etdi:

"Artıq il yarımdır ki, Ağalıdan olan məcburi köçkünlər öz doğma yurd-yuvalarında məskunlaşıblar".

Millət vəkili diqqətə çatdırıb ki, Ağalıda "Ağıllı kənd" layihəsinin təməli 2021-ci ilin aprelində dövlətimizin başçısı tərəfindən qoyulub. 2022-ci il iyulun 19-dan başlayaraq Ağalı kəndinə qayıdış çərçivəsində dörd mərhələdə 41 ailə köçürülüb:

"Ötən müddət ərzində Ağalı kəndində bir çox işlər görülüb. Hazırda Ağalıda təxminən 200 nəfər yaşayır. Kənddə innovativ tikinti materiallarından istifadə olunmaqla tam izolyasiya olunmuş 200 fərdi ekoloji ev, ikimərtəbəli 4 qeyri-yaşayış binası, 360 şagird yerlik məktəb və 60 yerlik uşaq bağçası tikilib. Növbəti mərhələ çərçivəsində 150 evin tikilməsi nəzərdə tutulur. Həmçinin, kənddə Smart DOST, ASAN, Azərpoçt, Kiçik və orta biznesin inkişafı mərkəzləri fəaliyyət göstərir. Ağalıda aqrar sektorun inkişafına xüsusi önəm verilib. Kəndin kənarında yerləşən böyük əkin sahəsində pilot sistemlər quraşdırılıb. Bu sistemlərlə 157 hektar sahənin suvarılması nəzərdə tutulub. Eyni zamanda, kənd ərazisində iqlim stansiyalarının da tikilməsi planlaşdırılıb".

İqbal Məmmədov hazırda işğaldan azad olunmuş digər şəhər və rayonlarda da geniş miqyaslı quruculuq-abadlıq işlərinin həyata keçirildiyini vurğulayıb. Millət vəkili əmin olduğunu bildirib ki, mövcud potensial və ortada olan siyasi iradə işğaldan azad olunmuş bütün şəhər və rayonlarımızın tezliklə Ağalı kəndi kimi abadlaşacağı, cənnətə çevriləcəyi və Böyük Qayıdışın zamanından daha tez baş tutacağını deməyə əsas verir.

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31