“Böyük Qayıdış”ın “Ağıllı kənd” layihəsi uğurla davam edirilir

İkinci Qarabağ müharibəsində Azərbaycanın əldə etdiyi hərbi-siyasi qələbədən sonra qarşıda duran vəzifələrin yerinə yetirilməsi istiqamətində məqsədyönlü fəaliyyətə start verilib. Belə ki, əldə etdiyimiz tarixi qələbənin siyasi baxımdan möhkəmləndirilməsi və işğaldan azad edilmiş ərazilərdə yenidənqurma-bərpa işlərinin aparılması istiqamətində işlər uğurla gedir. Daha dəqiq, Qarabağa "Böyük Qayıdış" proqramı uğurla davam etdirilir. Görülən işlər, reallaşdırılan layihələr deməyə əsas verir ki, "Böyük Qayıdış" keyfiyyətcə yeni bir həyata yol xəritəsi olacaq. Artıq 30 il əvvəl hətta yaşayış üçün ən vacib əşyalarını belə götürməyə macal tapmadan öz evlərini tərk etmiş sakinlər layiqli həyat şəraiti ilə təmin olunmuş müasir kəndlərə və şəhərlərə qayıtmaqdadırlar. Bunun üçün ilk addımlar hərbi əməliyyatlar başa çatdıqdan dərhal sonra atılmağa başlayıb. Fəxarət hissi ilə qeyd etmək olar ki, 44 günlük müharibədə müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı qələbə nəticəsində 30 ilə yaxın işğal altında qalmış torpaqlara məcburi köçkünlərin qayıdışına imkan yaranıb. Xatırlamaq yerinə düşər ki, Ermənistan işğalı dövründə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilmiş dağıntıları, urbisiti, ekosidi və minalanma təhlükəsini nəzərə alaraq bir çox ekspertlər qayıdış üçün uzun illər tələb olunacağını qeyd edirdilər. Lakin cənab Prezidentin Qarabağ və Şərqi Zəngəzurdakı bərpa-quruculuq işlərinə diqqəti nəticəsində Zəngilanın Ağalı kəndinə qayıdış 44 günlük müharibədən cəmi il yarım sonra baş tutdu. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Azərbaycan dövlətinsiyasətinin mərkəzində Azərbaycan vətəndaşının maraqları və onun rifahı durur. Məcburi köçkünlərin tezliklə evlərinə qayıtmaq istəkləri bərpa-quruculuq işlərinin sürətlə aparılmasınışərtləndirən vacib amillərdən olmuşdur.

Birmənalı şəkildə qeyd edilməlidir ki, işğaldan azad olunmuş ərazilərin sürətlə bərpa edilməsi, Böyük qayıdış proqramının uğurla reallaşdırılması Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin, Azərbaycan dövlətinin gücünün və qüdrətinin  əyani göstəricisidir. "Böyük Qayıdış"ın ilk göstəricisi Zəngilan rayonunun Ağalı kəndində reallaşdırılan "Ağıllı kənd" layihəsi olub. Belə ki, "Ağıllı kənd" layihəsinin təməli 2021-ci ilin aprelində dövlətimizin başçısı tərəfindən qoyulub. 2022-ci il iyulun 19-dan başlayaraq Ağalı kəndinə qayıdış çərçivəsində dörd mərhələdə 200 nəfərdən ibarət 41 ailə köçürülüb.

Onu da qeyd edək ki, Ağalıya köçürülən sakinlərin orada yaşamıs və işləməsi üçün bütün lazımi infrastruktur yaradılıb. Özü də bu işlər olduqca qısa zaman kəsiyiyində və yüksək keyfiyyətlə görülüb. Dövlət başçısının Zəngilan rayonuna səfəri zamanı ona məlumat verilib ki, layihənin icrası ilə bağlı 110 hektardan çox ərazidə tikinti işləri aparılıb. İnnovativ tikinti materiallarından istifadə olunmaqla tam izolyasiya olunmuş 200 fərdi ekoloji evin, ikimərtəbəli 4 qeyri-yaşayış binasının, 360 şagird yerlik məktəbin və 60 yerlik uşaq bağçasının tikintisi sürətlə davam etdirilir. Kənddə yaradılacaq "Ağıllı məktəb"də distant təhsilin aparılması üçün bütün imkanlar açılır. Yeraltı kommunikasiya işlərindən içməli su, çirkab və sel suları xətlərinin qazma işlərinə başlanılıb. Park meydanında nəzərdə tutulmuş fəvvarənin ərazisində abadlıq işləri yekunlaşıb. Fəvvarədə quraşdırılacaq memarlıq abidəsi hazırlıq mərhələsindədir. Burada müasir şəhərsalma standartları tətbiq olunacaq. Piyada və velosiped yolları çəkiləcək. Bir sözlə, öz doğma yurdlarına qayıdacaq sakinlər üçün hərtərəfli şərait olacaq. Onu da qeyd edək ki, burada kənd təsərrüfatının təşkili və inkişafı ilə bağlı bir sıra işlər görülüb. Artıq kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə istifadə olunacaq torpaq sahələri müəyyənləşdirilib və lazımi innovativ texnikaların siyahısı hazırlanıb. "Ağıllı kənd təsərrüfatı"nda müasir suvarma sistemlərindən istifadə olunur. Bundan əlavə, "Ağıllı kənd" layihəsi üçün əkin planı hazırlanıb. Planda nəzərdə tutulmuş torpaq sahələrinin əkinə yararlılığı qiymətləndirilib və əkin üçün hazırlığa başlanılıb. Əkin planına əsasən müəyyənləşdirilən 600 hektar ərazidən 412 hektarının minalardan təmizlənməsi üçün müvafiq işlər aparılıb. "Ağıllı kənd"də kənd təsərrüfatı fəaliyyətinin bərpası və inkişafı üçün müvafiq şəraitin yaradılması məqsədilə layihə çərçivəsində ictimai fermanın qurulması nəzərdə tutulur. Burada "Ağıllı idarəetmə sistemi" data və təhlil mərkəzindən həyata keçirilir.

Qeyd edək ki, "Ağıllı kənd" dayanıqlı inkişafın təmin olunması məqsədilə sosial-iqtisadi xidmətlərin keyfiyyətinin, təhlükəsizliyinin, səmərəliliyinin artırılması, onların göstərilməsində informasiya texnologiyalarının və innovasiyaların tətbiq edilməsi, habelə həmin xidmətlər üzrə mövcud resursların effektiv istifadəsi və idarə olunması üçün zəruri infrastruktura malik olan kənddir. Layihə çərçivəsində beynəlxalq təcrübəyə əsaslanaraq  kənddə zəruri iqtisadi və sosial infrastruktur yaradılıb. Ağalı ağıllı kənd layihəsində  yüksək keyfiyyətli ekoloji mühit əsas götürülərək enerjidən səmərəli istifadə edilməsi məqsədilə  dayanıqlı enerji mənbələrinə üstünlük verilib. İndiki və gələcək nəsillərin tələbatını dolğun ödəmək məqsədilə ekoloji baxımdan əlverişli olan "yaşıl" texnologiyalar  tətbiq edilib. Bu kontekstdə, kəndin enerji təminatının dayanıqlığının təmin edilməsi üçün Həkəri çayı üzərində hər biri 212 kVt olmaqla 3 (üç) hidravlik turbindən və müvafiq hissələrdən ibarət Arximed Turbini tipli su elektrik stansiyası inşaat edilib. Stansiyanın qoyuluş gücü 636 kVt-dır, illik istehsal gücü 5.553.200 kVts-dir. Əlavə olaraq, inzibati binaların üzərində qoyuluş gücü 325 kVt olan fotovoltaik günəş panelləri quraşdırılıb. İsidilmə xərclərinin və istixana qazlarının emissiyasını azaltmaq məqsədilə evlərdə kombinə edilmiş istilik sistemi, odun və briket ilə işləyən mətbəx sobası və yüksək səmərəli elektrod boyler, quraşdırılıb.  Suyun isidilməsi üçün isə yaşayış evlərinin üzərində günəş kollektorları quraşdırılıb. Çirkab suların bioloji emal prosesi ilə təmizlənməsi sayəsində ildə 41.000 m³ texniki su əldə ediləcək. Ağıllı kənddə evlərin xarici divarlarının tikintisində termobloklardan, tavan və döşəmələrinin tikintisində xüsusi izolyasiya materiallarından istifadə edilib.Izolyasiyalı evlərin sayəsində istilik itkisi və enerji istehlakı əhəmiyyətli  dərəcədə azaldılıb. Kənddə yüksək sürətli (GPON (Gigabit Passive Optical Network - Gigabit tutumlu Passiv Optik Şəbəkə) internet şəbəkəsi mövcuddur. Bu texnologiya vasitəsilə sürətli internet, telefon və İP TV xidmətləri təmin edilir. Əlavə olaraq,  ərazidə ağıllı video müşahidə kameraları, LCD məlumat lövhələri, audio məlumatlandırıcı anons sistemi, Wi-Fi və avtomatik meteo müşahidə stansiyası olan çox funksiyalı işıq dirəkləri quraşdırılıb. Əhalinin sosial rifahının rahat və yüksək səviyyədə təmin edilməsi üçün informasiya -kommunikasiya texnologiyalarından maksimum istifadə edilmiş və Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər üzrə innovativ həllər tətbiq edilib.

Sonda qeyd edək ki, ölkəmizin ərazisinin 20%-də dağıdılmış şəhər, kənd və qəsəbələri bərpa etmək, yeni şəhər və kəndlər tikmək hətta böyük, iqtisadi cəhətdən güclü dövlətlər üçün də ciddi çağırış hesab olunur. Vaxtı ilə ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən düzgün və uzaqgörən enerji və iqtisadı strategiya Azərbaycan dövlətinin siyasi və iqtisadi baxımdan müstəqilliyini, müasir cəmiyyət quruculuğunu təmin etdiyi kimi, azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərini yüksək səviyyədə və sürətlə aparmağa imkan verir. Azərbaycan dövləti kənardan heç bir yardım olmadan, öz gücünə işğaldan azad olunmuş əraziləri yenidən qurur, nəhəng infrastruktur layihələri reallaşdırır.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31