Gələn ayın sonuna qədər delimitasiya və demarkasiya prosesi başlaya bilər- ÖZƏL
19 İyul 2023 10:26 SiyasətErmənistan bir tərəfdən Azərbaycanla münasibətlərin normallaşdırılması, iki ölkə arasında sülh müqaviləsinin imzalanması istiqamətində baş tutan danışıqlar prosesinə mane olmağa çalışır, digər tərəfdən isə bu və ya digər mövzularla əlaqədar keçirilən görüntü xarakteri daşıyan görüşlərdə iştirak etməklə sülh tərəfdarı olduğu imitasiyası yaradır. Bu günlərdə Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinlərinin dövlət sərhədini müəyyən etmək üçün danışıqlar aparması da buna misal göstərilə bilər.
"OLAYLAR"-ın xəbərinə görə, sözügedən görüş barədə fikirlərini ifadə edən hərbi ekspert Ədalət Verdiyev deyib ki, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri - Şahin Mustafayev və Mqer Qriqoryanın rəhbərliyi altında 5 gün əvvəl iki ölkənin dövlət sərhədinin müəyyən edilməsi üzrə komissiyaların 4-cü birgə iclası Ermənistan-Azərbaycan sərhədinin Qazax rayonu istiqamətində baş tutub. Onun sözlərinə görə, bu görüşdə bir çox məsələlər razılaşdırılıb:
"Delimitasiya və demarkasiya prosesinin konkret hansı xəritələr əsasında aparılacağı məsələsi də həllini tapıb. Amma xəritələrin ili hələlik açıqlanmır".
Ekspert deyib ki, keçən ilin oktyabrından sonra Ermənistan Azərbaycanın ərazi bütövlüyünü dəfələrlə tanıyıbsa, baş nazirlərinin müavinlərinin növbəti görüşünün vaxtı və yeri razılaşdırılıbsa, o zaman 5-ci birgə iclasdan sonra, təxminən gələn ayın sonuna qədər delimitasiya, bəlkə də ardınca demarkasiya prosesi başlaya bilər.