Ağalı kəndinə qayıdış Böyük Qayıdışın başlanğıcı idi- ÖZƏL

44 günlük Vətən müharibəsində tarixi zəfərimiz və torpaqlarımızın işğaldan azad edilməsindən sonra qarşıda duran növbəti hədəf, vəzifə ermənilərin 30 ilə yaxın işğal altında saxladıqları şəhər və rayonlarımızda, qəsəbələrimizdə quruculuq-abadlıq işləri aparmaq, infrastruktur layihələri həyata keçirmək idi. Düzü, ermənilərin 30 ilə yaxın müddətdə işğal etdikləri şəhər və rayonlarımızda törətdikləri vəhşiliklər, vandallıqlar, bir dənə daşı daş üstündə qoymamaları, paralel olaraq ərazilərin demək olar ki, başdan-ayağa qədər minalanması azad edilən ərazilərimizə qayıdışın ən az on illərə başa gələcəyi fikri formalaşdırmışdı. Lakin o da əsas idi ki, Azərbaycan dövlətinin başında qətiyyətli, imkansızı reallığa çevirən, dərin siyasi təcrübəli dövlət adamı, İlham Əliyev dayanırdı. 
"Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı "OLAYLAR"-a verdiyi açıqlamada deyib ki, 2002-cü ildə prezident seçilərkən andiçmə mərasimində verdiyi vədi cəmi 1 ilə həyata keçirən prezident İlham Əliyevin qısa müddətdə işğaldan azad edilən əraziləri də cənnətə çevirəcəyi şübhə doğurmurdu:
"Belə də oldu və 44 günlük Vətən müharibəsindən sonra ilk qayıdış Zəngilan rayonunun Ağalı kəndinə oldu.
44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra cənab Prezidentin Qarabağ və Şərqi Zəngəzurdakı bərpa-quruculuq işlərinə diqqəti nəticəsində Zəngilanın Ağalı kəndinə qayıdış baş tutdu. Müharibədən sonrakı il yarım ərzində belə bir infrastrukturun yaradılması, insanların öz doğma yurdlarına qayıdışının təmin edilməsi dünyanın ən inkişaf etmiş ölkələrində belə rast gəlinməsi mümkün olmayan bir proses idi desək yanılmarıq. Məlumat üçün qeyd edək ki, Ağalıda "Ağıllı kənd" layihəsinin təməli 2021-ci ilin aprelində dövlətimizin başçısı tərəfindən qoyulub. 2022-ci il iyulun 19-dan başlayaraq Ağalı kəndinə qayıdış çərçivəsində dörd mərhələdə 41 ailə köçürülüb. Hazırda Ağalıda təxminən 200 nəfər yaşayır. Kənddə innovativ tikinti materiallarından istifadə olunmaqla tam izolyasiya olunmuş 200 fərdi ekoloji ev, ikimərtəbəli 4 qeyri-yaşayış binası, 360 şagird yerlik məktəb və 60 yerlik uşaq bağçası tikilib. Növbəti mərhələ çərçivəsində 150 evin tikilməsi nəzərdə tutulur.  Həmçinin, kənddə Smart DOST, ASAN, Azərpoçt, Kiçik və orta biznesin inkişafı mərkəzləri  fəaliyyət göstərir. Ağalıda aqrar sektorun inkişafına xüsusi önəm verilib. Kəndin kənarında yerləşən böyük əkin sahəsində pilot sistemlər quraşdırılıb. Bu sistemlərlə 157 hektar sahənin suvarılması nəzərdə tutulub. Eyni zamanda, kənd ərazisində iqlim stansiyalarının da tikilməsi planlaşdırılıb".
Arzuman Muradlı qeyd edib ki, hazırda işğaldan azad edilən digər şəhər və rayinlarımızda da genişmiqyaslı quruculuq-abadlıq işləri görülür, infrastruktur layihələri həyata keçirilir:

"Bu da dövlət başçısının uğurla həyata keçirdiyi sosial-iqtisadi siyasətin nəticəsidir. Cənab Prezident üçün hər zaman Azərbaycan vətəndaşının məmnunluğu, onun sosial rifahı, yaxşı yaşaması prioritet olub. Təsqdüfi deyil ki, Prezident İlham Əliyev dəfələrlə Azərbaycan dövlətin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının maraqları və onun rifahının durduğunu vurğulayıb".

İctimia Birlik sədri deyib ki,  Azərbaycan dövləti kənardan heç bir yardım olmadan, öz gücünə işğaldan azad olunmuş əraziləri yenidən qurur, nəhəng infrastruktur layihələri reallaşdırır:

"İşğaldan azad olunmuş ərazilərin sürətlə bərpa edilməsi, Böyük qayıdış proqramının uğurla reallaşdırılması Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin, Azərbaycan dövlətinin gücünün və qüdrətinin  əyani göstəricisidir".
Arzuman Muradlı əmin olduğunu bildirib ki, Vətən müharibəsindən keçən il yarım ərzində Ağalı kəndində yüksək səviyyəli infrastukturun yaradılması və məcburi köçkünlərin öz dogma yurdlarına qayıtması azad edilən digər ərazilərimizin də qısa müddətdə cənnətə çevriləcəyi və Böyük Qayıdışın tezliklə reallaşacağını deməyə əsas verir: "Ağalı kəndinə qayıdış işğaldan azad edilən ərazilərə Böyük Qayıdışın başlanğıcı idi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31