Qonşu dövlətin sənaye müəssisələrinin zəhərli kimyəvi tullantıları bütün transsərhəd çaylarını çirkləndirir - ÖZƏL
18 İyul 2023 17:37 Siyasət"Azərbaycanda fəaliyyət göstərən 29 qeyri-hökumət təşkilatı Ermənistanın dağ-mədən sənayesinin ətraf mühitə vurduğu ziyan və regionun ekosisteminə yaranmış təhlükə ilə bağlı nüfuzlu beynəlxalq təşkilatlara müraciət ünvanlayıb".
Olaylar.az xəbər verir ki, bunu Olaylar.az-a açıqlamasında "Yaşıl Dünya" EMİB sədri Elman Cəfərli deyib.
"Müraciət olunan təşkilatlar arasında Birləşmiş Millətlər Təşkilatı, BMT Ətraf Mühit Proqramı, Avropa Şurası, Avropa Parlamenti ,Avropa Ətraf Mühit Agentliyi, Ümumdünya Vəhşi Təbiət Fondu (WWF), Qlobal Ətraf Mühit Fondu (GEF) və digər təşkilatlar var.
Beynəlxalq təşkilatlardan tələbimiz budur ki, Ermənistanın regionun və bütövlükdə planetimizin ətraf mühitini, insanların sağlamlığını təhlükə altına atan, içməli su resurslarını çirkləndirən dağ-mədən sənayesinin fəaliyyətinə son qoyulsun. Ermənistanın Azərbaycanla sərhəd bölgəsində davam edən mədən əməliyyatları ekosistemin deqradasiyası ilə nəticələnib. Beynəlxalq Konvensiyanın tələbinə əsasən, bu cür müəssisələr inşa edən ölkə qonşu dövlətlərin rəsmi qurumlarının, vətəndaş cəmiyyəti institutlarının, bölgə sakinlərinin rəyini nəzərə alınmalıdır. Beynəlxalq təşkilatlara Ermənistanın dağ-mədən sənayesnin mənfi təsirlərini sübut edən faktlar təqdim edilib.
Faktlar və sübutlar əsasında təhlillərimiz göstərir ki, Ermənistanın dağ-mədən sənayesinə aid müəssisələrin ziyanlı təsirlərinə Azərbaycanla yanaşı digər qonşu ölkələr də məruz qalacaq. Ermənistan tərəfi Azərbaycan və digər qonşu dövlətlərlə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Sənədini razılaşdırmaldır.
Ermənistanın ekoloji norma və standartlardan kənar mədən fəaliyyətinin canlı aləmə vurduğu ziyan həm bölgədə, həm də kənarda yaşayan insanların sağlamlığına, yaşamına təhlükə törədir. Qonşu dövlətin sənaye müəssisələrinin zəhərli kimyəvi tullantıları bütün transsərhəd çaylarını çirkləndirir. Bu, bölgədə yaşayan insanların sağlamlığına və təhlükəsizliyinə, flora, faunaya, torpaq, və havaya da mənfi təsir göstərir. Ermənistanın sənaye müəssislərinin zəhərli tullantıları ilə çirkləndirilən çayların: Araz, Oxçuçay, Bərgüşad, Kür Azərbaycanın əsas içməli su qaynaqlarıdır.
Hazırda Ermənistan Avropa İttifaqından Şərq Tərəfdaşlığı ölkələrində yaşıl sənayenin inkişafı üzrə "EU4Environment" proqramı çərçivəsində qrantlar alır. Avropa İttifaqından istəyimiz odur ki, bu maliyyə vəsaitindən regionda təbiətin məhv edilməsi və ekoloji tarazlığın pozulması ilə nəticələnən fəaliyyətlərin icrası üçün deyil, təyinatı üzrə istifadə olunması təmin edilsin.
Ermənistan BMT-in bir sıra konvensiyalarının, o cümlədən "Transsərhəd su axarlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında" Konvensiyasının, "Su və sağlamlıq haqqında" protokolunun, o cümlədən, BMT-nin "Avropa İqtisadi Komissiyasının Təhlükəli tullantıların transsərhəd daşınmasına və utilizasiyasına nəzarət" haqqında Bazel Konvensiyasının, "Uzunmüddətli transsərhəd havanın çirklənməsinə dair" Konvensiyanın, "Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə Avropa İqtisadi Komissiyası" Konvensiyasının tələblərini, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini, Biznes və İnsan Hüquqları üzrə BMT-nin Rəhbər Prinsiplərini və s. kobud şəkildə pozur.
Birləşmiş Millətlər Təşkilatı və müraciət etdiyimiz digər beynəlxalq, regional qurumlar ekoloji problemlərin həllində mühüm rol oynayır və Ermənistanın yaratdığı ekoloji problemlərin həllində dəstək göstərə bilərlər. Biz bu təşkilatlara müraciət edirik ki, Ermənistanı mövcud ekoloji konvensiyalara əməl etməyə çağırsınlar. Biz onlardan Ermənistandakı sənaye müəssisələrinin fəaliyyətini izləməklə, beynəlxalq ekoloji normalara riayət olunmasını təmin etmələrini xahiş edirik".