Bakının Qoşulmama Hərəkatının sədri rolunda fəaliyyətini yüksək qiymətləndiririk - Rusiya XİN
6 İyul 2023 16:48 SiyasətRusiya Bakının Qoşulmama Hərəkatının sədri rolunda fəaliyyətini yüksək qiymətləndirir.
Olaylar.az trend-ə istinadən xəbər verir ki, bunu Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova həftəlik brifinqdə deyib.
"Bakı bütün səlahiyyət müddəti ərzində yüksək dərəcədə peşəkarlıq, kreativlik və fəaliyyət qabiliyyəti nümayiş etdirməkdədir. QH-nin COVID-19 pandemiyası ilə mübarizə üzrə aktiv tədbirləri, xüsusən, 2021-ci ildə BMT Baş Assambleyasının 76-cı sessiyasında Bakının Qoşulmama Hərəkatı adından irəli sürdüyü COVID-19 əleyhinə peyvəndlərə bütün ölkələrin bərabər, münasib, vaxtında və universal əlçatanlığının təmin edilməsi ilə bağlı qətnamə bunu təsdiqləyir. Bu təşəbbüsün inkişafı olaraq 2023-cü ildə Azərbaycanın paytaxtında Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilib. Görüşdə 70-dən çox nümayəndə iştirak edib", - o deyib.
Zaxarova həmçinin Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə 2021-ci ilin oktyabrında Belqradda Hərəkatın yüksək səviyyədə yubiley görüşünün keçirildiyini qeyd edib.
Qeyd edək ki, Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü keçirilir. Görüşdə Qoşulmama Hərəkatına üzv ölkələrin nümayəndələri iştirak edirlər.