Fransa bu tarixindən utanc hissi keçirməlidir - ÖZƏL

"Fransa yeni müstəmləkəçilik siyasəti yürüdür".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü deyib.
"Baxmayaraq ki, dünyada artıq müstəmləkəçiliklə, irqçiliklə bağlı mübarizə daha da genişlənib. BMT bu məsələləri, irqçiliyi, ksenofobiyanı və s. məsələləri çox sərt şəkildə tənqid edir, bu məsələlərin aradan qaldırılması üçün çalışmalar edilir. Lakin BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünün biri olan, beynəlxalq miqyasda proseslərə geniş təsir imkanı olan Fransa kimi bir dövlətin biz müstəmləkəçi siyasətini müşahidə edirik. O, istər Korskada Korska xalqının öz milli dilində danışmasına qətiyyən imkan vermir. Çox amansız şəkildə bu etirazları boğur. İstər Afrikada, istər dünyanın başqa yerlərində xalqlara qarşı kalonial siyasət yürüdür. Fransanın tarixdən gələn qəddar müstəmləkə siyasəti bu gün başqa formada adı dəyişdirilmiş şəkildə də olsa, yenə də davam edir. Hesab edirəm ki, o qəddar siyasət bu gün yenə də mövcuddur. Sadəcə adı dəyişib. Ola bilsin ki, forma dəyişib. Amma məzmun və mahiyyət dəyişməyib. Fransanın tarixi qan, göz yaşı, xalqların soyqırımı, məhv edilməsi ilə doludur. Fransa bu tarixindən utanc hissi keçirməlidir və tarixi boyu bu hadisələrin aradan qalxması üçün çalışmalar etməlidir. Xalqlara, millətlərə yeri gəlsə, kompensasiya ödəməlidir, həm də özünü doğrultmaqdan ötrü bundan sonrakı fəaliyyətlərində daha dürüst, ədalətli yanaşmalar sərgilməlidir. Amma biz tam tərsini görürük. Bu mənada mən hesab edirəm ki, Fransanın bu siyasəti, davranışları qəbul edilən deyil. Bunlar həm də Fransanın özünü də uçuruma apara bilər və aparır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31